MƏDƏNİYYƏT
“Marvel Studios” kinostudiyası Latın Amerikası mənsubiyyətli qəhrəman haqda film çəkir
Bakı, 11 aprel, AZƏRTAC
“Marvel Studios” kinostudiyası Latın Amerikası mənsubiyyətli superqəhrəmandan fantastik janrda olan film çəkmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu barədə kinostudiyanın rəhbəri Kevin Faiqi İspaniyanın EFE agentliyinə müsahibəsində bildirib.
Onun dediyinə görə, bu qəhrəman fövqəladə bacarıqlara malik olacaq. Bu, “Marvel Studios” kinostudiyasının müxtəlif mənşəli kinoqəhrəmanların yaradılmasında yeni strategiyasıdır.
“Bizim beynəlxalq auditoriyamız var və istəyirik ki, müxtəlif xalqların nümayəndələri belə filmlərə baxanda özlərini qəhrəman kimi hiss etsinlər”, - deyə Kevin Faiqi bildirib.
Həmçinin qeyd olunub ki, yeni qəhrəmanın yaradılması ideyası “Kapitan Marvel” (Captain Marvel, 2019) və Afrikadan olan “Qara pantera” (Black Panther, 2018 ) adlı superqəhrəmanın sərgüzəştlərindən söhbət açan kino əsərinin göstərilməsindən sonra yaranıb. Hazırda “Marvel Studios” Şan Ji adlı Asiya qəhrəmanı barədə kinokomiks çəkir.