CƏMİYYƏT
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir VİDEO
Bakı, 29 avqust, AZƏRTAC
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi (FHN) zəruri və təxirəsalınmaz tədbirləri davam etdirirlər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və arabir əsən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir.
Ümumilikdə yanğının söndürülməsi əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzi və yerli icra hakimiyyətinin əməkdaşları, bir qrup kənd sakini iştirak edirlər.