ELM VƏ TƏHSİL
Mayın 20-də “Azərbaycan dili” imtahanı verəcək IX və XI sinif şagirdləri buraxılış vərəqələrini çap edib götürə bilərlər
Bakı, 8 may, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) mayın 20-də tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin IX və XI sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) fənnindən test imtahanı keçirəcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iştirakçılar imtahana buraxılış vərəqəsini Dövlət İmtahan Mərkəzinin saytından çap edib götürə bilərlər.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsini;
- “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (bəyannamə DİM-in saytından imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və şagird tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır).
- şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).