ELM VƏ TƏHSİL
Maykl Fyuer: “Corc Vaşinqton Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzini açmaq arzu olaraq qalmayacaq
Bakı, 14 iyun, AZƏRTAC
İyunun 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ABŞ-ın Corc Vaşinqton Universitetinin Bakıda “Beynəlxalq Təhsil Həftəsi-2017” simpoziumunda iştirak edən nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, K.Abdulla qonaqlara universitet haqqında ətraflı məlumat verib. Təhsil liderləri şəbəkəsinin gördüyü işlərlə tanış olduğunu deyən rektor Corc Vaşinqton Universitetində olduğunu xatırladıb və həmin ali təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüb. O, ADU-da Amerika Mərkəzinin fəaliyyət göstərdiyini bildirib. “İstərdik ki, sizdə də Azərbaycan Mədəniyyəti Mərkəzi olsun” – deyən K.Abdulla ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətindən söz açıb, qonaqları multikulturalizmlə bağlı yay və qış məktəblərinə dəvət edib.
Universitetdə fəaliyyət göstərən kafedraların fəaliyyət istiqamətlərindən danışan rektor tədris və elmi istiqamətlərin bir-birini harmonik şəkildə tamamladığını qeyd edib.
Səmimi qəbula görə təşəkkür edən ABŞ-ın Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Fyuer ADU ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Daha sonra Corc Vaşinqton Universitetinin nümayəndələri ADU-nun İnformasiya Resurs Kompleksində olublar.
ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə müşaviri Emi Petersen universitet rəhbərliyinə nümayəndə heyətini qəbul etdiyi üçün minnətdarlığını bildirib.
K.Abdulla ADU-nun müəllim və tələbələrinin Corc Vaşinqton Universiteti ilə yaxından tanış olduqlarını deyib və universitetlər arasındakı əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyinin bildirib.
M.Fyuer isə təmsil etdiyi ali təhsil müəssisəsi haqqında danışaraq deyib: “Biz inanırıq ki, Corc Vaşinqton Universitetində Azərbaycan Mədəniyyəti Mərkəzini açmaq arzu olaraq qalmayacaq”. O, birgə əməkdaşlıq nəticəsində buna nail olunacağını vurğulayıb.
Daha sonra tədbir şəbəkələşmə sessiyasında davam edib.