REGİONLAR
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsində Milli Mətbuat Günü qeyd olunub
Şəki, 22 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan xalqının milli şüurunun, azadlıq ideyalarının formalaşmasında şərəfli inkişaf yolu keçmiş milli mətbuatımızın müstəsna rolu və xidmətləri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Azərbaycan milli mətbuatının yaranmasının 146-cı ildönümü münasibətilə iyulun 22-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalova çıxış edərək, mətbuat nümayəndələrini əlamətdar bayram münasibətilə təbrik edib, zəngin tarixi və şanlı ənənələri olan Azərbaycan milli mətbuatının keçdiyi şərəfli yoldan söz açıb. Bildirilib ki, milli mətbuatımız bütün dövrlərdə həqiqət carçısı olub, xalqımızın maariflənməsində, milli-bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.
Azərbaycanda söz, fikir və mətbuat azadlığının bərqərar olmasında jurnalistlərin yaxın dostu, ümummilli lider Heydər Əliyevin böyük tarixi xidmətləri olduğunu vurğulayan idarə rəisi hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkəmizdə mətbuat və söz azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin sədri Rəhman Məmmədov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar zamanı media nümayəndələrinin döyüş bölgələrindən hazırladıqları reportajların erməni terrorizminin mahiyyətinin beynəlxalq aləmə çatdırılmasında, informasiya savaşında ölkəmizin mövqeyinin güclənməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Şəki Regional Mədəniyyət İdarəsinin mətbuat orqanı olan “Mədəniyyət qalası” qəzetinin baş redaktoru Yusif Rəhimov milli mətbuatın ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında oynadığı roldan ətraflı bəhs edib, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.
Mətbuat sahəsində səmərəli fəaliyyətinə görə Yusif Rəhimova Şəki Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Şəki Rayon Komitəsinin fəxri fərmanı təqdim olunub.