ELM VƏ TƏHSİL
Mədəniyyət, elm və ali təhsil müəssisələri elmi katiblərinin görüşü keçirilib
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası məqsədilə elmi katiblərin birinci məsləhətləşmə xarakterli görüşü keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ümumilikdə 18 mədəniyyət, elm və ali təhsil müəssisəsinin elmi katibləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə diqqətə çatdırıb ki, sənəd elm, təhsil və mədəniyyətin ortaq fəaliyyətinə xidmət edəcək.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev gələcəkdə birgə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb. Bildirilib ki, elmi katiblərin peşə birliyi mədəniyyət sahəsinə elmi potensialın cəlb edilməsi istiqamətində fəaliyyətimizi daha böyük və lazımlı nəticələrə gətirib çıxaracaq.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin elmi katibi Cavid Əliyev tədbirin təşkilinin məqsədi barədə iştirakçıları məlumatlandırıb.
Diskussiya formatında davam edən tədbirdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, sahələrarası əlaqələndirmənin təşkili, qarşıya qoyulmuş vəzifələrin icrası və mövcud problemlərin səmərəli həlli məqsədilə müvafiq işçi qrupunun yaradılması təşəbbüs kimi irəli sürülüb.
Tədbirdə növbəti görüşlərdə mədəniyyətin aktual məsələlərinə dair həsr olunan mövzuların müəyyənləşdirilməsi qərara alınıb.