MƏDƏNİYYƏT
Mədəniyyətimiz ən böyük sərvətimizdir...
Bakı, 16 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində Beynəlxalq Mədəniyyət Günü ilə əlaqədar “Mədəniyyətimiz ən böyük sərvətimizdir” adlı tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova və milli musiqi alətləri üzrə təmir ustası Musa Yaqubov qədim musiqi alətlərinin tarixindən bəhs edərək yaylı alətlər - kamança, qopuz, ə-fərabi, rübab, çanaq kamança, ərqanun, çəqanə, ay-ulduz şəkilli qaval və bir neçə başqa qədim musiqi alətləri haqqında tədbir iştirakçılarına məlumat verərək onları qədim musiqi alətlərimizlə yaxından tanış edib.
Sonra Azərbaycan Milli Konservatoriyasının müəllimi “Ay ulduz” muğam üçlüyünün rəhbəri Mərkəz Şuşalı, Ramil İsgəndərovun müşayiəti və Elgün Musazadənin ifasında muğam, qədim musiqi alətlərində mahnılar səsləndirilib.
Mərkəzin bədii rəhbəri Məhərrəm Nəcəfzadə Beynəlxalq Mədəniyyət Günü münasibətilə iştirakçıları təbrik edərək xoş arzularını çatdırıb.
Tədbir xanəndə Mirməmməd Mircavadovun ifası ilə başa çatıb.