ELM VƏ TƏHSİL
Məhəmməd Hadinin əsərlərinin ikinci cildi çap olunub
Bakı, 30 oktyabr, AZƏRTAC
Məhəmməd Hadinin əsərlərinin ikinci cildi işıq üzü görüb. Kitab Prezident İlham Əliyevin 2019-cu il 5 dekabr tarixli “Məhəmməd Hadinin 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq nəşr edilib.
AZƏRTAC xəbər verir ki, 488 səhifəlik kitaba Məhəmməd Hadinin Azərbaycan və Türkiyə mətbuatında çıxan publisistik yazıları, nəsr əsərləri, ədəbi-tənqidi məqalələri, iqtibas və tərcümələri daxil edilib. Dörd bölmədən ibarət kitabın ədibin “Publisistikası” bölməsində 91, “Nəsr əsərləri” bölməsində 12, “Ədəbi tənqidi məqalələri” bölməsində 9, “İqtibas və tərcümələr” bölməsində 13 əsər yer alıb. Əsərlər izah və şərhlər yazılmaqla, mənbələri göstərilməklə xronoloji ardıcıllıqla düzülüb, dil və üslubu mümkün qədər qorunub saxlanılıb.
Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, məsul redaktoru, toplayanı, ərəb qrafikasından transliterasiya edib çapa hazırlayanı, şərhlərin müəllifi filologiya elmləri doktoru, professor İslam Qəriblidir. Məhəmməd Hadinin əsərlərində ərəb dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, fars dilində işlətdiyi, anlamını Azərbaycan dilində vermədiyi mətn və ifadələrin tərcüməçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Könül Hacıyevadır.