SİYASƏT
Meksika mətbuatı növbəti dəfə Ermənistanın son hərbi təxribatları barədə yazıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Meksikanın nüfuzlu “Contra Replica” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun “Ermənistan niyə sülh istəmir?” sərlövhəli yazısı dərc olunub.
Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Daşkəsən, Kəlbəcər və Laçın rayonları istiqamətlərində törədilən genişmiqyaslı təxribat, Ordumuzun bölmələrinin mövqeləri arasındakı ərazilərin minalanması cəhdləri və mövqelərimizin intensiv atəşə tutulması barədə məlumat verilir.
Yazıda, həmçinin 79 nəfərin ölümü ilə nəticələnən hərbi təcavüzə cavab olaraq, təxribatların qarşısının alınması və yaxın ərazilərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə Azərbaycan Ordusu tərəfindən müvafiq təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunur. Eyni zamanda, toqquşmalar zamanı Azərbaycanın beynəlxalq hüquqa sadiq ölkə kimi cavabını yalnız Ermənistanın hərbi obyektlərinə yönəltdiyi və İrəvanın da təsdiqlədiyi kimi, mülki əhali arasında tələfat, xəsarətin olmadığı bildirilir.
Müəllif Ermənistanın Azərbaycana qarşı son təxribatının ölkəmizin 2020-ci ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə uyğun olaraq ərazilərini qanunsuz erməni işğalından azad etdikdən sonra İrəvanın törətdiyi siyasi və hərbi təxribatlar silsiləsinin daha bir həlqəsi olduğunu vurğulayır. Eyni zamanda, Azərbaycanın regionda sülhün bərqərar olması üçün qonşu ölkə ilə münasibətləri normallaşdırmağa çalışdığı, lakin Ermənistanın dekonstruktiv mövqeyi və əsassız ərazi iddiaları ilə sülh danışıqlarına xələl gətirdiyi diqqətə çatdırılır.
Məqalədə, hərbi təxribatların Azərbaycanın deyil, Ermənistanın maraqlarına xidmət etdiyi, Azərbaycan üçün silahlı qarşıdurmaların onun sərhədyanı ərazilərdə yenidənqurma layihələri və irimiqyaslı sərmayələri üçün bilavasitə təhlükə törətdiyi halda, Ermənistanın bundan sülh danışıqlarından yayınmaq üçün istifadə etdiyi qeyd olunur.
Habelə son günlərdə erməni diasporunun ölkəmizin bir sıra səfirliklərini hədəf alaraq Azərbaycana qarşı təxribatlar həyata keçirdiyi bildirilir. Bu aqressiv münasibətin Ermənistanın Azərbaycan və beynəlxalq vasitəçilərin sülh sazişi əldə etmək səylərinə mane olmağa çalışdığının göstəricisi olduğu diqqətə çatdırılır.
Yazıda, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı minatəmizləmə işləri zamanı, 2021-ci il Ermənistan istehsalı olan piyada əleyhinə minaların aşkarlandığı, Ermənistanın 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına əməl etməyərək, öz silahlı birləşmələrini Azərbaycan ərazisindən çıxarmadığı və bu faktların Ermənistan tərəfindən beynəlxalq hüququn kobud şəkildə pozmaqda davam etdiyini açıq şəkildə göstərdiyi qeyd olunur.