ELM VƏ TƏHSİL
Məktəb direktorları ilə görüşdə təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən söz açılıb
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərinin direktorları və Alternativ Qeydiyyat Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, görüşün əsas məqsədi birinci sinfə qəbul, ümumtəhsil məktəblərində pedaqoji təcrübənin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli işin aparılması və müəssisə rəhbərlərinin məsuliyyətinin artırılmasıdır.
BŞTİ-nin müdirinin müavini Rəşad Tağıyev “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən danışıb. Məktəb rəhbərlərinə ümumtəhsil müəssisələrində pedaqoji təcrübə keçən tələbələrin bilik və bacarıqlarını nümayiş etdirmələrinə əlverişli şəraitin yaradılması, dərsin və şagirdlərlə fərdi işin təşkili baxımından müvafiq tapşırıq və tövsiyələrini verib. Eyni zamanda, BŞTİ-nin tabeliyindəki 97 ümumtəhsil müəssisəsində 11 ali məktəb üzrə təcrübə keçən tələbələrə pedaqoji yanaşmalar, məktəb mühiti, sinfin idarə olunması və digər istiqamətlər üzrə lazım olan məlumatların verilməsinin zəruriliyini nəzərə çatdırıb.
BŞTİ müdirinin müavini Hüseyn Əsgərov birinci sinfə elektron qəbulla bağlı məlumat verib, Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyətinin daha yaxşı təşkilinin, bu proseslə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildirib.
BŞTİ-nin informasiya sektorunun müdiri İlhamə Abdullayeva elektron sistem vasitəsilə paytaxt məktəblərinin birinci sinfinə qəbul üçün 34 minədək sorğu yerləşdirildiyini bildirib. Birinci sinfə qəbulla bağlı valideynlərə kömək məqsədilə yaradılmış Alternativ Qeydiyyat Mərkəzləri barədə məlumat verib. Qeyd edib ki, alternativ qeydiyyat mərkəzləri Səbail rayonu üzrə 7, 163 və 236, Nizami rayonu üzrə 129, 145, 214 və 12, Nəsimi rayonu üzrə 19, 44 və 247, Yasamal rayonu üzrə 18, 21 və 60, Nərimanov rayonu üzrə 57, 82 və 177, Xətai rayonu üzrə 17, 24, 116, 165 və 191, Sabunçu rayonu üzrə 69, 74, 75, 78, 128, 130 və 170, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 285, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 120, Pirallahı rayonu üzrə 235, Binəqədi rayonu üzrə 83, 102, 182, 297 və 313 nömrəli məktəblərdə fəaliyyət göstərir.
Görüşün sonunda paytaxtda birinci sinfə elektron qəbulla bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, bəzi məsələlərə aydınlıq gətirilib. Təhsil müəssisələrində sənəd qəbulunun səmərəli təşkili ilə bağlı məktəb direktorlarına müvafiq tövsiyələr verilib.