CƏMİYYƏT
Məktəbli gənclərə narkomaniyanın zərərli təsiri barədə ətraflı məlumat verilib
Bakı, 27 dekabr, AZƏRTAC
Nəsimi rayonundakı 1 nömrəli orta məktəbdə “Narkomaniyaya yox deyirik” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirin keçirilməsində başlıca məqsəd cəmiyyətdə ciddi sosial bəlaya çevrilən narkomaniya və narkotik vasitələrin sağlamlığa mənfi təsirini yeniyetmə və gənclərə izah etmək, onun ziyanlı təsiri və yaratdığı fəsadları barədə dolğun təsəvvür yaratmaqdan ibarət olub.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Anar Tağıyev, rayon Polis İdarəsinin rəisi Musa Musayev, “Məşədi Dadaş” məscidi dini icmasının sədri Şahin Həsənli, Azərbaycan Tibb Universitetinin dosenti, paytaxtın baş toksikoloqu İsmayıl Əfəndiyev və “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin sədri Azər Quliyev çıxış edərək narkomaniyanın cəmiyyətə, dövlətə və bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə vurduğu ziyandan danışıb, həmçinin narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının zəruriliyini vurğulayıblar.
Gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyə və məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda narkomaniyanın fəsadları barədə film nümayiş etdirilib.