İQTİSADİYYAT
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı üzrə dəmir yolu nəqliyyatının inkişafına dair işçi qrupunun iclası keçirilib
Daşkənd, 24 aprel, АZƏRTAC
Daşkənddə Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (MARİƏ) proqramı üzrə dəmir yolu nəqliyyatının inkişafı ilə bağlı işçi qrupunun dördüncü iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Çin, Gürcüstan, Monqolustan, Pakistan, Türkmənistan və Tacikistan nümayəndələri iştirak edib.
Ölkəmizi bu iclasda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin beynəlxalq əməkdaşlıq departamentinin böyük müşaviri Nicat Mikayılov və “Azərbaycan Dəmir Yolları” QSC-nin investisiya departamenti direktorunun müavini Toğrul Quliyev təmsil edib.
İclasda 2019-2021-ci illər üçün MARİƏ üzrə dəmir yolu bölməsinin inkişafı ilə bağlı texniki yardım göstərilməsi, bu ölkələrdə dəmir yolları bölməsinə qiymət verilməsi, dəmir yolu layihələrinin hazırlanması mexanizmi, mövcud potensialın və biliklərin inkişafına dəstək, MARİƏ ölkələrində dəmir yollarına texniki köməyin planlaşdırılması və digər məsələlər müzakirə olunub.
Azərbaycan nümayəndələri bu sahədə ölkəmizdə görülən işlər barədə məlumat veriblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd