REGİONLAR
Mərkəzi Bank Naxçıvanda rəqəmsal ödənişlərin stimullaşdırılması ilə bağlı kampaniyaya start verib
Bakı, 8 noyabr, AZƏRTAC
Mərkəzi Bank qlobal ödəniş texnologiyalarının lideri olan "Mastercard" ilə birlikdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödənişlərin stimullaşdırılması istiqamətində növbəti dəfə istehlakçılar üçün kampaniyaya start verib.
Mərkəzi Bankdan AZƏRTAC-a bildiriblər ki, kampaniya çərçivəsində daha iki ticarət mərkəzində 20 AZN və ya daha yüksək məbləğdə alış-verişini "Mastercard" və ya "Maestro" kartları ilə nağdsız qaydada ödəyən bütün müştərilər elə yerindəcə təklif edilən hədiyyələrdən birinə sahib olacaqlar. Kampaniya noyabrın 8-dən ilin sonunadək davam edəcək.
Bu tip kampaniyaların gələcəkdə Azərbaycanın digər bölgələrində də davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nda Mərkəzi Banka verilmiş tapşırıqlardan biri də istehlakçıların nağdsız qaydada əməliyyatların aparılmasına təşviq edilməsidir.