İQTİSADİYYAT
Mərkəzi Bank maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib YENİLƏNİB VİDEO
Bakı, 17 may, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankı maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemini təqdim edib.
AZƏRTAC xəbər verir ki, mayın 17-də Mərkəzi Bankda keçirilən təqdimat mərasimində məlumat-axtarış sisteminin əhəmiyyəti və üstünlüklərindən danışılıb. Məlumat verilib ki, məlumat-axtarış sistemi Mərkəzi Bank tərəfindən ölkə başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi"ndə "Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması" hədəfinin və 2018-ci il 26 sentyabr tarixli Sərəncamla təsdiq edilmiş "2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tələblərinə uyğun olaraq hazırlanıb.
Maliyyə Savadlılığı portalının (www.bizimpullar.az) tərkib hissəsi olan bu sistem istehlakçıların maliyyə məhsulları üzrə məlumatların bir mənbədən əldə etməsinə, müqayisə apararaq əlverişli məhsul və ya xidmət seçməsinə, seçim zamanı rasional qərarlar verməsinə imkan yaradan platformadır. Həmçinin məlumat-axtarış sistemi əhalinin maliyyə xidmətlərinə çıxış imkanlarının asanlaşdırılması və bu xidmətlərdən istifadənin stimullaşdırılmasına, maliyyə xidmətləri bazarında isə rəqabətin gücləndirilməsi, təqdim olunan məhsul və xidmətlərin keyfiyyətinin artırılması və şərtlərinin yaxşılaşdırılmasına töhfə verəcək.
Sınaq rejimini keçmiş məlumat-axtarış sisteminə bankların qoşulması hazırda davam edir. Qoşulan banklar əsas maliyyə məhsulları (məsələn əmanət, kredit, ödəniş kartları və sair), filial və şöbələr, ödəniş terminalları və digər xidmətlər haqqında məlumatları (şərtlər və tariflər) sistemə yerləşdirir və mütəmadi yenilənməni təmin edirlər. Eyni zamanda, sistemə yerləşdirilmiş hər bir məhsul və xidmət barədə ətraflı məlumat üçün keçid linki də təqdim olunur. Bu baxımdan, maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sistemi əhali və maliyyə institutları arasında məlumat mübadiləsi üçün effektiv vasitədir.
Yaxın zamanlarda banklarla yanaşı, bank olmayan kredit təşkilatları, ödəniş agentləri və maliyyə xidmətləri göstərən digər qurumların maliyyə məhsul və xidmətlərinin məlumat-axtarış sisteminə qoşulması planlaşdırılır.