ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxana “Şuşa ili - Zəfər salnaməsi” adlı metodik vəsait hazırlayıb
Bakı, 4 avqust, AZƏRTAC
AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) akademiyanın elmi müəssisələrinin kitabxanaları üçün metodik vəsait hazırlayıb.
Bu barədə AZƏRTAC-a MEK-dən məlumat verilib. Bildirilib ki, “Elm” nəşriyyatında çap olunmuş metodik vəsaitin elmi redaktoru kitabxananın baş direktoru professor Məmməd Əliyev, tərtib edəni MEK-in İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədova, ixtisas redaktorları Biblioqrafiya şöbəsinin müdiri Xuraman İsmayılova və filologiya üzrə fəlsəfə doktoru Şəfəq Əliyevadır.
“Şuşa İli” çərçivəsində AMEA-nın elmi-tədqiqat institutlarında Şuşa şəhərinin tarixinin və mədəniyyətinin tədqiqi və təbliğinə kömək məqsədilə hazırlanmış metodik vəsaitdə bu il ərzində keçiriləcək kütləvi tədbirlərin hazırlıq mərhələləri və onların keçirilmə üsulları izah olunur, metodik tövsiyələr verilir. Kitabda ənənəvi və müasir kitabxana tədbirlərinin formaları haqqında ayrı-ayrı məlumat verilir, nümunələr göstərilir.
Metodik vəsaitə Şuşa şəhərinin tanınmış simaları, elm və mədəniyyət xadimləri, görkəmli sərkərdələri haqqında məlumatlar da daxil edilib. Həmçinin Şuşa şəhərinə dair əhəmiyyətli hadisələrin tarixi xronologiyası və görkəmli şəxsiyyətlərin söylədikləri aforizmlər daxil olunub. “Zəfər nəşrləri” bölməsində isə MEK-in “Qarabağ müharibəsi qəhrəmanları fondu”na şanlı Qələbədən sonra daxil olmuş, 2020-2021-ci illərə dair nəşrlər haqqında məlumat verilib.