ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada görkəmli bəstəkar Qara Qarayevin elektron kataloqu yaradılıb
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli bəstəkar, pedaqoq, Xalq Artisti, akademik Qara Qarayevin 100 illik yubileyinə töhfə olaraq böyük sənətkara aid bütün sənədlər elektron kataloqa daxil edilib, rəqəmsallaşdırılıb və elektron formatda oxucuların istifadəsinə verilib.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, Q.Qarayevə aid rəqəmsal baza M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına da hədiyyə olunub. Bəstəkarın bütün not əsərləri, haqqında yazılan “Qara Qarayev və Azərbaycan xalq musiqisi (lad-intonasiya və formayaradıcı xüsusiyyətlərin tədqiqi)”, “Aşıq musiqisinin Azərbaycan bəstəkarlarının yaradıcılığında rolu və əhəmiyyəti: Üzeyir Hacıbəyli və Qara Qarayevin əsərləri əsasında”, “Onun musiqisi”, “Çingiz Aytmatov: Mən Manas oğluyam”, “Azərbaycan bəstəkarlarının orkestr əsərlərində fortepianonun tembr-akustik xüsusiyyətləri”, “Qara Qarayev tələbələrinin xatirəsində”, “Qara Qarayevin həyat və yaradıcılığı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin materiallarında”, “Qara Qarayevin əsərlərindən fleyta və fortepiano üçün işləmələr”, “Üzeyir Hacıbəyli və Qara Qarayevin yaradıcılığında aşıq musiqisinin təzahür xüsusiyyətləri” və digər kitablar MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib.