CƏMİYYƏT
Meşələrdə yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri davam etdirilir
Bakı, 18 iyun, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Masallı rayonu ərazisində Yiyəkənd meşəbəyiliyinin 10 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçiriblər.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Masallı regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib, yanğın təhlükəsizliyinə dair təşviqat xarakterli stendlər nümayiş olunub və mövzu ilə bağlı suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara yanğın təhlükəsizliyi mövzusunda yaddaş kitabçaları paylanıb.