İQTİSADİYYAT
Metanol mobil şəbəkələrin enerji təchizatını təmin edə bilər
AZƏRTAC “Azmeco” metanol şirkətinə istinadla xəbər verir ki,
“Nokia Siemens Networks” və “Ballard Power Systems” şirkətləri elektrik enerjisinin kəsildiyi zaman mobil şəbəkələri işlək vəziyyətdə saxlamaq üçün metanol əsaslı yanacaq elementlərindən istifadə etməyi planlaşdırır və bu texnologiyanın sınaqdan keçirilməsi üçün “NTT DoCoMo” mobil operatoru ilə əməkdaşlıq edir.
Bu məsələ ABŞ-ın şərq sahillərini çənginə alan Sendi qasırğasından sonra növbəti dəfə gündəmə gəlib. “Nokia Siemens Networks” və “Ballard Power Systems” şirkətləri hesab edirlər ki, metanol əsaslı yanacaq elementləri bugünkü qəza qidalanma akkumulyatorlarına və dizel generatorlarına alternativ enerji mənbəyi kimi uğurla istifadə oluna bilər.
Metanol yanacaq elementləri ətraf mühitə ziyan vurmur, sakit işləyir və dizel generatorları ilə müqayisədə daha qənaətlidir. Bundan əlavə, qəza qidalanma akkumulyatorlarından fərqli olaraq, onlar daha az yer tutur və yüngüldür.
“Nokia Siemens” və “Ballard” şirkətləri tərəfindən işlənib hazırlanmış layihəyə görə, metanol çəni təxminən 40 saat işləməni təmin edir və bu da saatda təxminən 5,6 litr metanol sərfi deməkdir.
“Nokia Siemens” şirkətinin məlumatına görə, bu, dizel generatorlarının saatda təxminən üç litr təşkil edən yanacaq sərfiyyatı ilə müqayisə oluna bilər. Lakin dizel generatorları daha çox texniki qulluq tələb edir və dizel yanacağı metanoldan üç dəfə bahadır.
Maye metanolu elektrik enerjisinə çevirən yanacaq elementləri həm də telefonların qidalanması və batareyalarının doldurulması üçün istifadə olunur.