İQTİSADİYYAT
Milli Aviasiya Akademiyasında Dövlət Bayrağı günü qeyd olunub
Bakı, 7 noyabr, Ramiz Quliyev, AZƏRTAC
Noyabrın 7-də “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasında Azərbaycan Mülki Avrasiya Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyəti və Dövlət Bayrağının 100 illiyinə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Firəngiz Hüseynova tədbiri açdıqdan sonra Azərbaycan Respublikasının Dövlət himni və ümummilli lider Heydər Əliyevin dövlət bayrağı haqqında fikirləri səsləndirilib.
Sonra "Tarixi yol keçmiş Azərbaycan bayraqları" adlı fotosərgiyə baxış keçirilib və muzeyin əməkdaşı Rübabə Əbiyeva bayraqlar haqqında ətraflı məlumat verib.
Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Atamoğlan Məmmədli bayrağın dövlət əhəmiyyəti, Azərbaycanın dövlətçilik tarixində mövcud olmuş bayraqlar, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyətinin siyasi əhəmiyyəti, Azərbaycanın dövlətçilik tarixində mövcud olmuş bayraqlar, Cümhuriyyət hökuməti tərəfindən üçrəngli bayrağın dövlət bayrağının elan edilməsinin önəmi, 100 illik tarixini qeyd etdiyimiz bayrağın müstəqil demokratik dövlətçiliyimizin əsas rəmzi kimi mahiyyəti, Sovet imperiyasının süqutu dönəmində azadlıq hərəkatımızın simvolu kimi dövlət müstəqilliyimizin bərpası ilə bayrağımızın yenidən rəsmi dövlət bayrağı elan edilməsi, ərazi bütövlüyümüz uğrundakı mübarizədə, beynəlxalq arenada siyasi iradəmizin təmsilində önəmi haqqında geniş məlumat verib.
Xalq şairi Nəriman Həsənzadə çətin və şərəfli tarixi yol keçmiş Azərbaycan bayraqlarının xalqımızın azadlıq hərəkatındakı rolundan, türk dünyasının məşhur sərkərdələrindən biri olan Nuru Paşanın komandanlığı altında türk qoşunlarının Bakını bolşevik, erməni-daşnak birləşmələrinin işğalından necə azad etdiyindən söz açıb.
Tədbir iştirakçıları, həmçinin xalq şairinin “Nuru Paşa” poemasından parçaları dinləyib.
Sonra Milli Aviasiya Akademiyasının tələbələrinin ifasında Cəfər Cabbarlının “Azərbaycan bayrağı” və Bəxtiyar Vahabzadənin “Bayraq” şeirləri oxunub.
Tədbirin sonunda Prezident İlham Əliyevin dövlət bayrağı haqqında çıxışları ilə bağlı videoçarx nümayiş etdirilib.
Dövlət Bayrağı gününə həsr olunan tədbirdə Milli Aviasiya Akademiyasının tələbə və müəllim heyəti iştirak edib.