MƏDƏNİYYƏT


Milli Kitabxanada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yanvarın 18-də Milli Kitabxanada 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov 20 Yanvar faciəsində yüzlərlə günahsız insanın canından keçdiyini vurğulayaraq, həmin faciənin səbəbkarı Sovet ordusu olsa da, məsələnin kökündə ermənilərin dayandığını bildirib. O deyib: “Bu soyqırımı hadisəsi həm də Azərbaycanın qürur günü kimi yadda qalmaqdadır. Ölkəmizin firavanlığı uğrunda həm Birinci Qarabağ savaşında, həm də İkinci Qarabağ müharibəsində, eləcə də digər döyüşlərdə iştirak edən əsgərlərimiz 20 Yanvar şəhidlərindən nümunə götürüblər. Azərbaycan əsgərlərinin cəsurluğu nəticəsində Qarabağ torpaqları işğaldan azad edilib. Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı istər Azərbaycanda, istərsə də xarici ölkələrdə, səfirliklərdə müxtəlif tədbirlər keçirilir”.

Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova 33 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş dəhşətli hadisədən və bu hadisənin günahsız qurbanlarından bəhs edib. O qeyd edib ki, biz heç vaxt o hadisələri unutmayacağıq: “Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 20 Yanvar hadisələri siyasi qiymət alıb, bu gün isə Ulu Öndərin uğurlu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan xalqı artıq bütün dünyada qalib xalq kimi tanınır”.

Sonra Milli Kitabxananın əməkdaşı Səyyarə Məmmədli çıxış edərək 20 Yanvarla bağlı şeirini iştirakçılara təqdim edib.

Tədbirin davamında Səbail rayonu M.Rahim adına 7 nömrəli tam orta məktəbin şagirdləri faciə ilə bağlı şeirlərlə çıxış ediblər. Şagirdlərə Milli Kitabxananın direktoru tərəfindən kitablar hədiyyə edilib.

Sonda 20 Yanvar faciəsi ilə bağlı sənədli film nümayiş olunub. Eyni zamanda, tədbir iştirakçıları Milli Kitabxana tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımız!” adlı Elektron məlumat bazası ilə, həmçinin “20 Yanvar – Hüzn və Milli Qürur Günü” adlı ənənəvi kitab sərgisi ilə tanış olublar. Sərgidə Qanlı Yanvar hadisələrini əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.