MƏDƏNİYYƏT


Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də M.F.Axundzadə adına Milli Kitabxanada ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə Ulu Öndərin fəaliyyətinə həsr olunan videoçarx nümayiş edilib.

Mili Kitabxananın direktoru, professor Kərim Tahirov Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir ölkəmizin inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyət Heydər Əliyev haqqında geniş söhbət açıb. Professor çıxışında Ulu Öndərin 1969-cu ildən başlayaraq Azərbaycan xalqının rifahı naminə gördüyü işlərdən, Azərbaycanın müstəqillik tarixində taleyüklü məsələlərin həll olunmasındakı əhəmiyyətli rolundan danışıb. O, Ümummilli Liderin zəngin dövlətçilik prinsiplərinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında bildirib ki, Ulu Öndər öz fəaliyyəti ilə müasir Azərbaycan dövlətinin memarı, qurucusu oldu. Nazir müavini Ümummilli Liderin sovetlər birliyində Azərbaycana rəhbərlik etdiyi dövrdə təhsil, elm, mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika, neft-kimya sahəsinin inkişaf etdiyini, qısa zaman ərzində xalqımızın maddi və sosial rifahının yüksəldiyini söyləyib. Müstəqillik illərində Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışan Vaqif Əliyev hazırda Azərbaycanın dünyada sayılıb-seçilən bir dövlət olduğunu vurğulayıb.

Daha sonra Ümummilli Liderin hakimiyyətə gəlməsinin 50-ci ildönümünə həsr olunmuş qısa film nümayiş olunub.

Azərbaycanda Atatürk Mərkəzinin direktoru, Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov çıxış edərək Azərbaycan tarixinin böyük bir hissəsinin Ulu Öndərin adı ilə bağlı olduğunu, müasir Azərbaycan dili dərslikləri hazırlandığını, dövlət idarələrində Azərbaycan dilinin nüfuz qazandığını, bütövlükdə xalqın oyadılması istiqamətində uğurlu addımlar atıldığını söyləyib.

Tədbirdə Milli Məclisin deputatları Hikmət Babaoğlu, Aqil Abbas, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlərindən, Ümummilli Liderin xalqımızın rifahı naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan söhbət açıblar.

Sonda Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Azərbaycan tarixinin Heydər Əliyev dövrü (1969-2019)” adlı elektron məlumat bazası təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.