SİYASƏT
Milli Məclisin deputatı AŞPA-nın payız sessiyasında qaçqınlar problemindən bəhs edib
Strasburq, 11 oktyabr, AZƏRTAC
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın payız sessiyasında İordaniya ilə bağlı müzakirələrdə azərbaycanlı qaçqın və məcburi köçkünlərdən danışıb və qaçqınların olduğu ölkələrə dəstəyi artırmağa çağırıb.
Q.Paşayeva AŞPA-da İordaniya parlamenti ilə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı azad demokratlar qrupu adından çıxış edib. Bildirib ki, o, İordaniyaya səfəri çərçivəsində hökumət, qeyri-hökumət təşkilatları və mətbuat nümayəndələri ilə görüşüb danışıb. Deputat İordaniyada demokratiya və insan haqları sahəsində görülən işlərin dəstəyə layiq olduğunu vurğulayıb.
O, Suriyadakı müharibə nəticəsində qaçqın dalğasının bu ölkədən yan keçmədiyini və ona dərin təsir etdiyini qeyd edib. Türkiyədən sonra İordaniyanın ən çox suriyalı qaçqını qəbul etdiyini bildirib: “Buna görə həm Türkiyə, həm də İordaniya hökumətlərinə və iki ölkənin xalqlarına qaçqınlara göstərdikləri yardımdan dolayı təşəkkür etməliyik. Torpaqlarının 20 faizinin işğal olunması səbəbindən 1 milyon insanı qaçqın və məcburi köçkün düşmüş bir ölkənin təmsilçisi olaraq, qaçqın axınına məruz qalan ölkələrin yaşadığı problemləri də çox yaxşı bilirəm. Sayı yüz minlərlə, milyonlarla olan qaçqınların həyatı əsas məsələ olduqda qaçqın axınına məruz qalan dövlətin və hökumətin bütün proqramlarının həyata keçirilməsinə öz təsirini göstərir, həmin ölkələrin prioritetləri dəyişir, qaçqınlar və onların problemləri gündəmdə ilk yeri tutur”.
Avropa ölkələri və qeyri-hökumət təşkilatlarını İordaniyaya dəstəyi artırmağa çağıran deputat deyib: “Əgər bu bölgədə İŞİD kimi terror təşkilatlarının güc qazanmasını istəmiriksə, bu cür təşkilatlarla təsirli mübarizə edən İordaniyanın yanında olmalı və bu ölkəyə daha çox dəstək verməliyik. İordaniya dini və etnik tərkibi etibarilə bu gün Avropa, dünya və insanlıq üçün çox önəmli olan "mədəniyyətlərarası dialoqda" fəal rol oynayan ölkələrdən biridir. Buna görə İordaniya parlamentinin üzvlərinin bizimlə birlikdə olmaları həm Avropa, həm də AŞPA üçün son dərəcə önəmlidir. Müstəqil demokratlar qrupu olaraq biz AŞPA ilə İordaniya arasında əməkdaşlığın qurulması və inkişafı üçün hər cür dəstəyi verəcəyimizi, iordaniyalı həmkarlarımız və bütün İordaniya xalqı ilə əməkdaşlıq edəcəyimizi bəyan edir, İordaniya hakimiyyətinin AŞPA ilə əməkdaşlığı çərçivəsində həyata keçirəcəyi layihələrin, islahatların uğurlu olmasını diləyirik”.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq