SİYASƏT


Milli Məclisin nümayəndə heyətinin rəhbəri ATƏT PA-nın sessiyasında çıxış edib

Berlin, 7 iyul, AZƏRTAC

Berlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində ATƏT PA-nın prezidenti Georgi Tseretelinin məruzəsi ətrafında müzakirələr aparılıb. Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclis sədrinin müavini Bahar Muradova müzakirələrdə çıxış edib.

ATƏT PA-nın və şəxsən onun sədrinin fəaliyyəti barədə müsbət fikirlər söyləyən B.Muradova Azərbaycanın ATƏT PA ilə dialoqa böyük əhəmiyyət verdiyini, ölkəmizin onun işində fəal iştirak etməyə çalışdığını diqqətə çatdırıb.

Azərbaycan nümayəndəsi dövlətlərarası regional münaqişələrin faciəli nəticələri və suveren dövlətlərin ərazilərinin işğalı ilə bağlı məsələlərin təşkilatın diqqət mərkəzində olmasının əhəmiyyətini vurğulayaraq bildirib ki, ATƏT PA-nın üzvləri belə münaqişələr nəticəsində insan haqlarının pozulmasına etirazını birincilər sırasında bildirməlidirlər.

Bahar Muradova həmkarlarını Avropada təhlükəsizlik və əməkdaşlıq konsepsiyasına uyğun olaraq daha qəti addımlar atmağa çağırıb.

Azərbaycan nümayəndəsinin nitqində ATƏT-in və onun parlament forumunun qərarlarının icra mexanizmlərinin daha da təkmilləşdirilməsi istəyi ifadə olunub.

B.Muradova çıxışının sonunda qeyd edib ki, Azərbaycan multikulturalizm sahəsində müsbət təcrübəsini bölüşməyə hazırdır.

ATƏT PA-nın prezidenti Georgi Tsereteli başçılıq etdiyi təşkilatın fəaliyyətinin azərbaycanlı həmkarlar tərəfindən yüksək qiymətləndirilməsinə görə Azərbaycan nümayəndə heyətinin başçısına təşəkkür edib və belə bir fikirlə razılaşıb ki, ATƏT-in qərarlarının həyata keçirilməsi mexanizmləri həqiqətən təkmilləşdirilməlidir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.