CƏMİYYƏT
Milli Qurtuluş Gününə həsr olunmuş “Milli qurtuluşdan intibaha” mövzusunda videokonfrans keçirilib
Bakı, 15 iyun, AZƏRTAC
YAP Səbail rayon təşkilatında Azərbaycanın müstəqillik tarixinin ən möhtəşəm hadisələrindən biri – 15 iyun - Milli Qurtuluş Günü münasibətilə “Milli qurtuluşdan intibaha” mövzusunda videokonfrans keçirilib.
Rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, ictimaiyyət nümayəndələri, ziyalılar, partiya veteranları və gənclərin iştirak etdiyi videokonfransda YAP Səbail rayon təşkilatının sədri professor Şəmsəddin Hacıyev, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, fəlsəfə elmləri doktoru Mübariz Qurbanlı, “Səs” Media Qrupunun rəhbəri, YAP Səbail rayon İdarə Heyətinin üzvü Bəhruz Quliyev, Maliyyə-İqtisad Kollecinin direktoru, YAP Səbail rayon “Maliyyəçilər” ərazi ilk partiya təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Oruc Məmmədov, 162 saylı orta məktəbin tarix müəllimi Gülbəniz Abbasova, YAP Səbail rayon Gənclər Birliyinin İdarə Heyətinin üzvü, Azərbaycan Milli Kitabxanasının əməkdaşı Aytəkin Hüseynbəyli, YAP Səbail rayon “Gənc tamaşaçılar” (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ərazi ilk partiya təşkilatının sədr müavini Ramilə Camalova və YAP Səbail rayon təşkilatının məsləhətçisi, rayon Gənclər Birliyinin sədr müavini Fuad Heydərli çıxış etdilər.
Əvvəlcə Azərbaycan xalqı və milli dövlətçiliyimiz üçün misilsiz tarixi xidmətlər göstərən, Azərbaycanın müstəqilliyini möhkəmləndirən, xalqımızın milli maraqlarını hər şeydən üstün tutan, Azərbaycanın dünəni, bu günü və sabahı üçün əzəmətli, möhtəşəm işlər görən ulu öndər Heydər Əliyevin əbədiyaşar əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Səs” Media Qrupu tərəfindən hazırlanan və 15 iyun - Milli Qurtuluş Günündən əvvəl və sonrakı hadisələrə həsr olunan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycana rəhbərlik dövrünün, eləcə də ölkəmizin 44 günlük şanlı Vətən müharibəsində qazandığı tarixi Qarabağ Zəfərinin əks olunduğu videoçarx nümayiş olunub.
YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev Azərbaycanın müstəqillik tarixinin yeni inkişaf mərhələsinin başlanğıcı olan, müstəqilliyimizin qorunub saxlanılması və əbədiləşməsində mühüm rol oynayan 15 İyun - Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edib. Müasir müstəqil Azərbaycanın Milli Qurtuluş Günü kimi qeyd olunan və ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi ilə ölkədə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı günü kimi əbədiyyətə həkk olunan 1993-cü il 15 iyun hadisələrinin tarixi önəmi və müstəqil dövlətçiliyimizin qorunub saxlanılmasındakı əvəzsiz rolu haqqında geniş məlumat verib.
Bildirib ki, Ulu Öndər qısa müddətdə müasir Azərbaycan üçün mümkün olan, hətta mümkünsüz görünən bütün işləri görüb, Azərbaycanın müstəqilliyini qoruyub, möhkəmləndirib, gələcək inkişafı üçün həm siyasi, həm iqtisadi cəhətdən möhkəm zəmin yaradıb.
Qeyd edilib ki, bütün bu nailiyyətlərin əsası məhz 1993-cü il iyunun 15-də qoyulub. Bu gün ulu öndər Heydər Əliyevin ruhu şaddır, çünki onun Azərbaycanla bağlı istəkləri, arzuları həyata keçib. Heydər Əliyevin ən böyük arzusu Azərbaycanın müstəqilliyini əbədiləşdirmək, ərazi bütövlüyünü bərpa etmək, onu güclü iqtisadiyyata, orduya malik müasir dövlətə çevirmək idi. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Heydər oğlu Əliyev bütün bu arzuları həyata keçirdi və bu gün dünyada müstəqil siyasət yürüdən güclü Azərbaycan var.
Konfrans partiya veteranları, orta nəslin nümayəndələri və gənclərin fikir mübadiləsi ilə davam edib.