MƏDƏNİYYƏT


Milli kinomuzun 120 illiyinə həsr edilmiş fotosərgi açılıb VİDEO

Bakı, 12 oktyabr, AZƏRTAC

Milli Kinomuzun 120 illiyi çərçivəsində Mədəniyyət Nazirliyi tərəfindən ölkəmizdə müxtəlif silsilə tədbirlər keçirilir. “Azərbaycan kinosu çəkiliş meydançalarında” adlı fotosərgi də bu qəbildən hesab edilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri sözügedən sərginin açılışında Mədəniyyət Nazirliyinin sektor müdiri Cəmil Quliyev deyib.

Sərginin Dövlət Film Fondu və Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunduğuna diqqət çəkən C.Quliyev deyib ki, ekspozisiyada Film Fondunda qorunub saxlanılan nadir fotolar nümayiş edilir: “Bu gün biz ötən zamanla qarşılaşırıq. Fotolar imkan verir ki, həyatda olmayan mərhum kino sənətkarlarımızı yad edək. Bu mənada sərgi olduqca əhəmiyyətlidir”.

Azərbaycan kinematoqrafiyasının uzun və zəngin yaradıcılıq yolu keçdiyini xatırladan natiq bildirib ki, bu gün Dövlət Film Fondunda milli kinomuzun müxtəlif məqamlarını əks etdirən minlərlə foto saxlanılır. Vurğulayıb ki, bunların arasında müxtəlif fotoqraflar tərəfindən çəkilmiş film istehsalı proseslərini əks etdirən fotoşəkillər diqqəti cəlb edir. Bu fotoşəkilləri nəzərdən keçirəndə sanki Azərbaycan kinosunun səhifələrini vərəqləyirsən.

Belə tədbirlərin təşkilinin vacibliyini qeyd edən C.Quliyev, milli kinomuzun 120 illiyi münasibətilə keçirilən bütün tədbirləri mədəni irsimizin yaşadılması üçün faydalı sayıb.

Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Əməkdar mədəniyyət işçisi Pərviz Quliyev çıxış edərək mili kinonun keçdiyi inkişaf yoluna nəzər salıb, sərginin əhəmiyyətindən danışıblar.

Sonra qonaqlar sovet dönəmində istehsal olunmuş klassik Azərbaycan filmlərinin çəkiliş proseslərini əhatə edən 50-dək fotonun nümayiş edildiyi sərgiyə baxıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.