SİYASƏT
Milli və dini ayrıseçkilik monoetnik cəmiyyətin yaranmasına səbəb olur
Vyana, 21 fevral, AZƏRTAC
ATƏT Parlament Assambleyasının (ATƏT PA) Vyanada keçirilən qış sessiyasının yekununda qurumun hər üç əsas komitəsinin birgə iclası keçirilib. İclasda ATƏT məkanında aktual mövzular, eləcə də antisemitizm, uzunmüddətli münaqişələr, insan haqları ilə bağlı əməkdaşlıq və iqlim dəyişikliyi barədə müzakirələr aparılıb, çıxışlar dinlənilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili antisemitizm, eləcə də milli və dini kontekstdə ayrıseçkilik barədə danışıb. Qeyd edilib ki, ATƏT-in bölgədə bütün formalarda təzahür edən dözümsüzlüklə mübarizədə xüsusi rol oynamaq üçün hər cür imkanı var. Bütün iştirakçı dövlətlərin ATƏT-in prinsip və öhdəliklərinə ciddi riayət etməsi nifrət və dözümsüzlüyün, o cümlədən antisemitizmin nəticələrini aradan qaldırmaq üçün açardır.
Azərbaycan nümayəndəsi qeyd edib ki, Cənubi Qafqaz bölgəsindəki təcrübəmiz antisemitizmin təkcə yəhudi icmalarını hədəf alan bir təhlükə olmadığını göstərir. Antisemitizm olduğu yerdə başqa növ ayrıseçkiliklərin tətbiqi ehtimalı da var. Bölgəmizdəki antisemitizmə dair empirik məlumatlar, antisemitizmin daha yüksək səviyyəsinin digər milli və dini azlıqların nümayəndələrinə qarşı dözümsüzlük və ayrıseçkiliklə müşayiət edildiyini və monoetnik cəmiyyətin yaranmasına səbəb olduğunu göstərir.
Bildirilib ki, məsələyə hərtərəfli yanaşmaq, etnik mənsubiyyətə və ya dinə əsaslanan bütün nifrət və dözümsüzlük təzahürlərini birgə səylər əsasında qətiyyətlə həll etmək çox vacibdir. Bununla əlaqədar göstərilən səylər tarixi və mədəni amilləri bir kənara qoyaraq, bu fenomenin kökündə duran əsas səbəblərin həllinə fokuslanmalıdır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana