REGİONLAR
Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib
Bakı, 1 iyul, Rauf Hacıyev, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
MDU-dan AZƏRTAC-a bildirilib ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda keçirilən iclası açan universitetin rektoru Şahin Bayramov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.
COVID-19 infeksiyası ilə mübarizənin davam etdiyini bildirən rektor son dövrlərdə yoluxma hallarının artması səbəbindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə daha ciddi əməl olunmasının vacibliyini vurğulayıb.
Ş.Bayramov virusdan qorunmaqla bağlı əməkdaşlar arasında maarifləndirmə işinin gücləndirilməsi və universitetin fəaliyyətinin məsafədən təşkilinin davam etdirilməsinə dair müvafiq tapşırıqlar verib.
Sonra gündəliyə uyğun olaraq MDU-nun daxili nizam-intizam qaydalarına riayət edilməsi, 2019-cu il üçün universitetin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları və Pedaqoji fakültənin cari tədris ilindəki fəaliyyəti haqqında hesabatlar dinlənilib. Hər üç məsələ barədə ətraflı müzakirələr aparılıb və təqdim olunan hesabatlar Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.
İclasda MDU-da aparılan struktur islahatları çərçivəsində yaradılan Elm və innovasiyalar şöbəsinin əsasnamə layihəsi müzakirəyə çıxarılıb və Elmi Şura üzvlərinin yekdil qərarı ilə təsdiq olunub.
Elmi Şura iclasında onlayn formatda keçirilən imtahan sessiyasının uğurla davam etdirildiyi qeyd olunub, bununla bağlı əlaqədar struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.
İclasda cari məsələlərə də baxılıb.