REGİONLAR
Mirzə Şəfi Vazehin yaratdığı “Divani-hikmət” ədəbi məclisi bərpa edilib
AZƏRTAC xəbər verir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə şairin 220 illik yubileyi ərəfəsində bərpa edilən “Divani-hikmət” ədəbi məclisinin ilk toplantısı keçirilib.
Toplantıda Azərbaycan Yazıçılar Birliyinin Gəncədə yaşayıb yaradan üzvləri çıxış edərək “Divani-hikmət” ədəbi məclisinin bərpa olunmasını bu qədim şəhərin mədəni həyatında əlamətdar hadisə adlandırıblar. Qeyd edilib ki, XVIII əsrdə Azərbaycanda bir çox ədəbi məclislər yaransa da onlardan yalnız bir neçəsi, o cümlədən Mirzə Şəfi Vazehin təşkil etdiyi “Divani-hikmət” ədəbi məclisi şöhrət qazanıb. Məclis yeni ədəbi qüvvələrin inkişafına, onların istedadlarının formalaşmasına çox böyük təsir göstərib.
Toplantıda qərara alınıb ki, “Divani-hikmət” ədəbi məclisinin üzvləri ayda iki dəfə toplaşmaqla yeni şeir və nəsr əsərləri ətrafında müzakirələr aparsınlar.