DÜNYA
Misir ordusu terrorçuların silah bazalarını məhv edib
Qahirə, 25 noyabr, AZƏRTAC
Misir Hərbi Hava Qüvvələri terrorçuların bir neçə silah və hərbi sursat bazasını və noyabrın 24-də Rouda məscidində törədilən terror aktı zamanı onların istifadə etdikləri nəqliyyat vasitələrini aviazərbələrin köməyi ilə tamamilə məhv edib. AZƏRTAC xəbər verir ki, bunu Misir Silahlı Qüvvələrinin nümayəndəsi Tamer əl-Rifai bildirib. Onun sözlərinə görə, məsciddə terror aktı törətmiş bir neçə terrorçu məhv edilib.
Xatırladaq ki, noyabrın 24-də terrorçular Əl-Əriş şəhərindən qərbdə Bir-əl-Abd kəndində yerləşən Rouda məscidini cümə namazı zamanı dörd maşında mühasirəyə alıblar. Sonra məscidə daxil olaraq dua edənlər arasında partladıcı qurğunu işə salıblar. İnsanlar qaçıb bayıra çıxmaq istəyəndə isə onları nizamsız atəşə tutublar.
Son məlumata görə, bu iri terror aktı nəticəsində 235 adam həlak olub, 130 nəfər yaralanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə