SİYASƏT
Misirdə yaşayan azərbaycanlılar Müzəffər Ordumuz və Ali Baş Komandanımız İlham Əliyevlə qürur duyurlar
Qahirə, 11 noyabr, AZƏRTAC
Misirdə yaşayan azərbaycanlılar xalqımıza Şanlı Qələbə sevincini yaşadan Müzəffər Ordumuz və Ali Baş Komandanımız İlham Əliyevlə qürur duyurlar.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində Misirdəki Azərbaycan diasporunun rəhbəri, tədqiqatçı-alim Seymur Nəsirov söyləyib.
Misirdəki azərbaycanlıların bütün gecə Bakıdan gələn qələbə xəbərlərini izlədiklərini diqqətə çatdıran S.Nəsirov qeyd edib ki, indi hər bir soydaşımız qalib xalqın nümayəndəsi kimi böyük fəxrlə danışır. O deyib: “Mən 25 ildir ki, Qahirədə yaşayıram. Bu illər ərzində Ermənistan tərəfindən torpaqlarımızın işğalını, xalqımızın haqlı mövqeyini, ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri, Xocalı soyqırımını Misir ictimaiyyətinə çatdırır və müqəddəs torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi günü səbirsizliklə gözləyirdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sayəsində bizə bu möhtəşəm qələbənin sevincini yaşamaq qismət oldu. Artıq biz qalib xalqın nümayəndələriyik və bundan sonra ölkəmizin uğurlarını təbliğ edəcəyik. Gecə boyu qələbə sevincimi misirli dostlarla paylaşmışam. Onlar da xalqımıza və Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevə təbriklərini çatdırırlar. Torpaqlarımızın azad edilməsi uğrunda şəhid olmuş igid əsgərlərimizə də Allahdan rəhmət diləyirik”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə