DÜNYA
Misirin paytaxtında güclü partlayış baş vermişdir VİDEO
Əmman, 24 yanvar (AZƏRTAC). Bu gün səhər Qahirənin mərkəzində Təhlükəsizlik Qüvvələri Mərkəzi İdarəsinin binası yaxınlığında minalanmış avtomobilin partladılması nəticəsində üç nəfər həlak olmuş, 45 nəfər yaralanmışdır.
Yerli KİV-lərin əldə etdiyi məlumata görə, maşını intiharçı-terrorçu idarə etmişdir. İdarənin çoxmərtəbəli binası əhəmiyyətli dərəcədə xəsarət almışdır. Binanın şüşələri qırılmış, partlayış yerində çuxur yaranmışdır. Hazırda bu rayon polislər və hərbçilər tərəfindən bağlanmışdır. Terrordan sonra Misirin bütün küçələrində təhlükəsizlik tədbirləri gücləndirilmiş, magistrallarda əlavə postlar qoyulmuş, beynəlxalq Qahirə aeroportunun mühafizəsi gücləndirilmişdir. Digər lazımi təhlükəsizlik tədbirləri görülür.
Qeyd etmək lazımdır ki, partlayış Misir xalqı üçün əlamətdar tarix ərəfəsində törədilmişdir. Yanvarın 25-i şənbə günü ölkə Prezident Hüsnü Mübarəkin istefası ilə nəticələnmiş 2011-ci il inqilabının üçüncü ildönümünü qeyd edəcəkdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman