MƏDƏNİYYƏT
Misirli ssenarist: Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında quruculuq işləri haqqında film çəkməyi arzu edirik
Qahirə, 26 fevral, AZƏRTAC
Mən damarımda qanı donduran Xocalı soyqırımı haqqında filmin ssenarisini yazanda dəhşət hissləri keçirdim. Dünyanın heç bir yerində müharibə zamanı bu cür qəddar vəhşilik görünməyib. Köməksiz qadın və uşaqların amansızcasına qətli, onların meyitlərinin eybəcər hala salınması ağlasığmaz cinayətdir. Ssenari üzərində işləyərkən göz yaşlarımı tuta bilmirdim.
Bu sözləri AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində Misirin “SOİC” kinematoqrafiya şirkəti tərəfindən ərəb dilində lentə alınmış “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı sənədli filmin ssenari müəllifi, gənc yazıçı Nur Qureşi deyib. O qeyd edib: “XX əsrin ən dəhşətli cinayətlərindən biri haqqında ərəb dünyasında böyük marağa səbəb olmuş filmin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan səfirliyinə təşəkkür etmək istəyirəm. Bu ekran əsərinin ssenarisini yazdığım zaman, sinopsis mərhələsində Xocalı qırğını haqqında faktları öyrəndim, məqalə və kitabları oxudum. 1992-ci ilin məşum fevral gecəsində baş verənlər tüklərimi ürpətdi desəm, yəqin ki, yumşaq ifadə işlətmiş olaram. Doğrusu, damarlarımda qanım dondu. Heç bir müharibədə məsum qadın və uşaqlara qarşı bu cür vəhşiliklər olmayıb. Bu, təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı törədilmiş ağır müharibə cinayətidir. Bu mövzuda filmlərin lentə alınması, həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasının da əsas məqsədi həmin vəhşilikləri törədənlərin ədalət məhkəməsi qarşısında layiq olduqları cəzaya məhkum edilməsidir. Qeyd edim ki, bu məsələdə insanların dini və ya mili mənsubiyyətinin heç bir önəmi yoxdur. İstənilən xalqa qarşı törədilən bu cür vəhşi cinayət bütün insanlıq tərəfindən lənətlənməlidir”.
Xocalı soyqırımı haqqında filmin ərəb ölkələrində, o cümlədən Misirdə nümayiş etdirildiyi, sosial şəbəkələrdə böyük marağa səbəb olduğunu vurğulayan Nur Gureşi əlavə edib ki, onun arzusu Azərbaycanın işğaldan azad edilmiş ərazilərində evlərin, məscidlərin, tarixi abidələrin bərpası, insanların doğma yurdlarına qayıtması haqqında yeni ekran əsərinin ssenarisini qələmə almaqdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə