CƏMİYYƏT


Mixail Qusman: Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb

Moskva, 20 fevral, AZƏRTAC

TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman universitetlərdə jurnalistlərin gələcək nəslinə feyk xəbərlərlə mübarizənin tədris olunacağını istisna etmir.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, M.Qusman bu fikri RF Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında keçirilən ustad dərsində ifadə edib.

“Əminəm ki, yaxın vaxtlarda jurnalistika fakültələrində “Feyk xəbərlər və onlarla mübarizə” fənni tədris olunacaq. İndi bu cür fənn olmasa da, o, artıq yetişib və bu məsələdən qaçmaq mümkün deyil”, -deyə M.Qusman qeyd edib. Onun sözlərinə görə, feyk xəbərlərin yayılmasının mənbəyi bir çox hallarda sosial media olur. “Sosial şəbəkələr insanların kommunikasiya formasıdır, lakin problem ondan ibarətdir ki, biz hələ bu kommunikasiya sistemində necə yaşamağı yaxşı başa düşmürük...Düşünürəm ki, siz də artıq bir çox hallarda sosial şəbəkələrdən qərəzli istifadə olunmasının şahidi olmusunuz<...>Feyk xəbərlərin bu dalğası, daha dəqiq desək, artıq sunamisi Yer kürəsini bürüyür. Bu, qorxunc bəladır və biz sosial şəbəkələrdən aldığımız feyk xəbərlərin ağlagəlməz təsiri altındayıq”, -deyə jurnalist əlavə edib.

TASS agentliyinin birinci müavini qeyd edib ki, feyk xəbərlərlə mübarizəni informasiyaların müstəqil şəkildə yoxlanılmasından başlamaq lazımdır. O vurğulayıb: “Bu gün feyk xəbərlərə münasibətdə başlıca süzgəc bu informasiyaların hər biriniz tərəfindən qavranılmasıdır. İnformasiya insanların yaratdığı bir məhsuldur və bu məhsulun istehlakı zamanı diqqətli olmalısınız. Bu səbəbdən də feyk xəbərlərin müəyyən edilməsi və həyatınıza daxil olmasının qarşısını alan süzgəc məhz sizin bu informasiyanı qavramaq keyfiyyətidir. Yoxlayın və bir daha yoxlayın”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.