SİYASƏT
Moldova mətbuatında ermənilərin Azərbaycanın işğal altındakı ərazilərinə vurduğu ziyanla bağlı məqalə dərc edilib
Kişineu, 25 noyabr, AZƏRTAC
Ermənilər 30 il müddətində Azərbaycan ərazilərində qanunsuz yaşayıblar, məscidləri, məbədləri, qəbiristanlıqları, evləri, binaları və abidələri dağıdıblar.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun bu ölkənin “NOİ.md”, “AVA.md”, “İPN.md” və digər informasiya portallarında dərc olunan məqaləsində yer alıb.
Məqalədə səfir bildirib ki, müzəffər Azərbaycan Ordusuna işğal edilmiş torpaqları geri qaytarmaq, Ermənistanın ölkəmizin mədəni irsindən və təbii sərvətlərindən sui-istifadəyə son qoymaq üçün 44 gün kifayət etdi. İndi digər vacib məsələ var – ermənilər hər şeyə görə cavab verməlidir!
Q.Osmanov qeyd edib ki, ermənilərin artıq bütün dünyanın öyrəndiyi kimi, qiymətli ağac növlərini kəsməklə yanaşı, bu illər ərzində işğal altındakı ərazilərdəki qiymətli metalları, xüsusən də qızılı qanunsuz olaraq Ermənistana ixrac etdiklərini xatırlatmaq lazımdır. Ermənistanda işləndikdən sonra Azərbaycanın qızıl ehtiyatları üçüncü ölkələrin bazarlarına çıxarılıb və orada satılıb. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinə uyğun olaraq qanunsuz sahibkarlıq fəaliyyəti faktları ilə uzun müddətdir ki, erməni mənşəli xarici vətəndaşlara qarşı 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2 (dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə cinayət işləri açılıb. İstintaq orqanı tərəfindən beynəlxalq axtarışa verilən “Vallex Group”un maliyyə investorlarına, İsveçrə vətəndaşı Vartan Sirmakes, “Vallex Group”un rəhbəri Valeri Meclumyan və “Base Metals”ın icraçı direktoru Artur Mkrtumyana qarşı ittihamlar irəli sürülüb.
Əlbəttə ki, Ermənistanın dəymiş zərəri öz iradəsi və vicdanı ilə ödəməsinə ümid yoxdur. Ermənistan məcbur olmasa, heç nə ödəməyəcək. Onu buna beynəlxalq təşkilatlar məcbur etməlidir. Qaydalara əsasən, Ermənistanın vurduğu ziyanın tam və dəqiq qiymətləndirilməsindən sonra borcun qaytarılmasının bütün şərtlərini, habelə ödəmədiyi təqdirdə ona tətbiq ediləcək sanksiyaları özündə birləşdirən sənəd yaxın gələcəkdə hazırlanmalıdır. Bununla əlaqədar olaraq, Azərbaycan artıq beynəlxalq təşkilatlara, xüsusən də BMT və Dünya Bankına müraciət edib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu