ELM VƏ TƏHSİL
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün test imtahanı keçirilib
Bakı, 11 may, AZƏRTAC
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan Respublikası vətəndaşlarının təhsil alması üçün test imtahanı keçirilib.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə mayın 13-də elan olunacaq.
Müsabiqədə iştirak etmək istəyənlər üçün bu gün DİM tərəfindən ayrıca qəbul imtahanı (rus dilində) keçirilib. Beynəlxalq münasibətlər, regionşünaslıq, iqtisadiyyat ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil fənləri üzrə, hüquqşünaslıq, jurnalistika, reklam və ictimaiyyətlə əlaqələr ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyənlər isə rus dili, ədəbiyyat, riyaziyyat, tarix, xarici dil fənlərindən qəbul imtahanı veriblər.
Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplamış, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılırlar.
Mayın 14–15-də DİM-də təşkil olunacaq müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq. Ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.