MƏDƏNİYYƏT
Müasir İncəsənət Muzeyində britaniyalı rəssamın fərdi sərgisi açıldı
Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Müasir İncəsənət Muzeyində britaniyalı rəssam Sara Nill-Consun “Qeyb olan qadın” adlı sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində muzeyin icraçı direktoru Xəyyam Abdinov rəssamın yaradıcılığından söhbət açıb.
Bildirib ki, Sara Nill-Cons 1969-cu ildə London şəhərində dünyaya gəlib. Şotlandiyanın Qlazqo şəhərində rəssamlıq kollecində, habelə London İncəsənət Universitetində oxuyub. Sara Nill-Cons 2010-cu ildə Kambervell İncəsənət Kollecində magistr dərəcəsi alıb.
“Qeyb olan qadın” layihəsinin məqsədi Azərbaycanda müvəqqəti yaşayan əcnəbi qadınlar arasında coğrafi yerdəyişmənin təsirini öyrənmək, həmçinin yerli qadınlar arasında əcnəbi qadınların obrazı haqqında təsəvvürü müəyyən etməkdir. Belə mövzularda daha çox yolunu, məqsədini itirmək, yadlaşmaq kimi hisslər öz əksini tapır. Bəzən bu hisslər özünə qapanmağa və özünü aciz hiss etməyə səbəb olur. Bütün bunlarla yanaşı, mövzularda pozitiv hisslər də yer alır. Sərbəst, məhdudiyyətlərdən kənar yaşam tərzi, ətraf aləmə qarşı maraq nəzərə çarpır.
Tədbirdə çıxış edən rəssam Sara Nill-Cons sərginin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirib.
Daha sonra qonaqlar sərgi ilə tanış olublar.
Müasir İncəsənət Muzeyində təqdim olunan sərgidə rəssamın 100-dək rəngkarlıq əsəri, 1 səsli və 1 video installyasiya nümayiş olunur.
İştirakçı qadınlar layihədə qatılmağa könüllü şəkildə razılıq veriblər. Sorğu 6 ay ərzində - 2013-cü ilin sentyabrından 2014-cü ilin fevral ayınadək davam edib.
Sara Nill-Consun əsərləri Böyük Britaniya, Norveç, Fransa, Anqola, Koreya Respublikası və Türkiyənin məşhur qalereyalarında, fərdi və qrup sərgilərində nümayiş etdirilib. Son dövrlərdə isə yaşadığı və işlədiyi Azərbaycanda yaradıcılıq fəaliyyətini davam etdirir.
Sara Nill-Consun Bakıdakı fərdi sərgisi aprelin 1-dək davam edəcək.