Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Müsəlman Şərqinin ilk demokratik respublikasının parlamenti

Müsəlman Şərqinin ilk demokratik respublikasının parlamenti

Azərbaycan Respublikasının Milli Məclisi Xalq Cümhuriyyətinin

yaratdığı parlamentin indi də varisidir.

Varislik həmişə eyni zamanda böyük məsuliyyət demək olubdur...

 

Heydər Əliyev

Azərbaycan xalqının ümummilli lideri

Bakı, 13 fevral, AZƏRTAC

Bu il Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaradılmasının 100 ili tamam olur. XX əsrin əvvəllərində müsəlman Şərqində bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək parlamentin yaradılması böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti kimi, onun parlamenti də özünəməxsus tarixi yol keçib. Xalq Cümhuriyyəti parlamenti qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, onun gördüyü mühüm işlər Azərbaycan tarixində silinməz izlər qoyub. Azərbaycan Xalq Cümhuriyyəti parlamenti bu gün xalqımızın qürur mənbəyidir.

AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlının Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin tarixi və onun fəaliyyəti barədə məqaləsini təqdim edir.

1918-ci il noyabrın 20-də Azərbaycan Milli Şurasının M.Ə.Rəsulzadənin sədrliyi və M.Ə.Sidqinin katibliyi, Baş nazir F.Xoyski və digər nazirlərin iştirakı ilə Bakıda keçirilən ikinci iclasında “Müvəqqəti Azərbaycan Parlamanının (Məclisi-Məbusan) təşkili haqqında qanun layihəsi” geniş müzakirə edilib və müvafiq qanun qəbul edilib. Qanuna görə, birpalatalı parlamentə seçkilər gizli keçirilməli idi. Qanunun birinci maddəsində yazılırdı ki, Azərbaycan parlemanı (Məclisi-Məbusan) 120 əzadan ibarətdir. Qanunun preambulasında da qeyd olunduğu kimi, 1917-ci il üçün Qafqaz təqviminin məlumatlarına görə, Azərbaycan ərazisində (Bakı və Gəncə quberniyaları, Zaqatala dairəsi, İrəvan və Tiflis quberniyalarının bir hissəsi) 2.750.000 nəfər əhali yaşayırdı. Onlardan 1.900.000 nəfərini müsəlmanlar, 500.000 nəfərini ermənilər, 230.000 nəfərini ruslar təşkil edirdi. Hər nümayəndə üçün 24.000 əhali nəzərə alınardısa müsəlmanlardan 80, ermənilərdən 21 və ruslardan 10 nümayəndə seçilməli idi. Sayca azlıq təşkil etmələrinə baxmayaraq, Azərbaycan ərazisində yaşayan alman, yəhudi, gürcü və polyak əhalisinin də hərəsinə 1 nümayəndə seçmək hüququ verilirdi. Bundan əlavə, qanunda Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə Bakı Həmkarlar Təşkilatı Şurası tərəfindən 3, Bakı Sovet Qurultayı və Ticarət-Sənaye Cəmiyyəti tərəfindən isə 2 nümayəndənin göndərilməsi də nəzərdə tutulurdu.

Qanunun ikinci maddəsində Azərbaycan parlamentinin Azərbaycan Məclisi-Müəssisanı çağırılana qədər fəaliyyət göstərəcəyi qeyd edilir, onun formalaşma mənbələri və tərkibi konkret olaraq aşağıdakı kimi göstərilirdi:

“Azərbaycan parlemanı Azərbaycan Məclisi-Müəssisanı dəvət oluncaya qədər aşağıdakı tərtiblə intixab olunmuş əzadan təşəkkül edir:

a) Rusiya Məclisi-Müəssisanına dörd müxtəlif siyasi firqə siyahıları mucibincə Mavərayi-Qafqaz əhaliye islamiyyəsi tərəfindən intixab olunub da sonra Mavərayi-Qafqaz “Seym”ində əza sifətilə bulunmuş və bədə Azərbaycan Şurayi-Millisini təşkil eyləmiş 44 zatdan;

b) Azərbaycan bələdiyyələri müsəlman əzasilə əskidən mövcud bulunan Milli Müsəlman komitələri əzası tərəfindən intixab olunmaq surətilə cəlb olunacaq zəvatdan;

p) Əqəliyyətdə bulunan millətlərin səlahiyyətdar müəssisəyi-milliyyələrindən cəlb olunacaq zəvatdan;

t) Bakı Həmkarlar Şurası ilə Sovet siyezd, ticarət və ərbabi sənaye ittifaqından cəlb olunacaq zəvatdan”.

Qanunun üçüncü maddəsində parlamentdə 80 yer ayrılmış türk-müsəlmanların, 21 yer ayrılmış ermənilərin, 10 yer ayrılmış rusların və hərəsinə 1 yer ayrılmış alman, yəhudi, gürcü və polyakların mandat yerlərini hansı mənbələr əsasında təşkil edəcəyi qeyd olunmuşdu. Qanunda yazılırdı:

“Əsasən mövcud olan 44 əzayə əlavə olunacaq əza bu nisbətlə cəlb olunacaq:

a) Əhaliye islamiyyə tərəfindən: Bakı - 5; Göyçay uyezdi - 2 (biri şəhər, biri uyezd); Cəvad - 2 (biri şəhər, biri uyezd); Quba - 3 (biri şəhər, ikisi uyezd); Lənkəran - 2 (biri şəhər, biri uyezd); Şamaxı - 2; Gəncə - 3 (biri şəhər, ikisi uyezd); Ərəş - 2; Cavanşir - 1; Zəngəzur - 2; Qazax - 1; Cəbrayıl - 1; Nuxa - 2 (biri şəhər, biri uyezd); Şuşa - 2 (biri şəhər, biri uyezd); Zaqatala - 2 (biri şəhər, biri mahal); İrəvan vilayətinin Azərbaycana keçən hissəsi - 3; Tiflis vilayətinin Azərbaycana keçən hissəsi - 1.

Qeyd: a) Bakı hissəsinə düşən 5 zat Bakı bələdiyyəsi müsəlman əzası tərəfindən seçiləcəkdir. Digər şəhərlərdə dəxi şəhər hissəsinə düşən nümayəndəyi - ümumi intixabla seçilmiş müsəlman qlasnıları seçəcəklərdir. Uyezd nümayəndələri isə uyezd milli komitələri tərəfindən intixab olunacaqdırlar.

b) Seçkilər gizli olacaq;

p) Əqəliyyət təşkil edən millətlərdən: erməni əhalisi tərəfindən 21, 8-i Gəncə erməni əhali komitəsindən, 8-i Şuşa erməni əhali komitəsindən, 5-i də Bakı erməni əhali komitəsindən;

Rus əhalisindən Bakıdakı rus milli şurasından - 10;

Alman əhalisi təşkilati-milliyyəsindən - 1;

Yəhudi şurayi milliyyəsindən - 1;

Gürcü komitəsindən - 1;

Polyak komitəsindən - 1.

t) Bakı Həmkarlar Cəmiyyəti Şurasından – 3; Bakı Sovet siyezd və ticarət-sənaye cəmiyyətlərindən müştərəkən - 2.

Qeyd: 1 - Bələdiyyəsi və milli komitəsi olmayan qəzalar nümayəndələrini köy obşestva nümayəndələrinin ictimaində təyin edə bilərlər. Bir ictimai hər obşestvadan birər nümayəndə göndərilmək surətilə hasil olur.

Qeyd: 2 - Əhvali fövqəladə məruz bulunan yerlərin nümayəndələrini Şurayi-Milli bizzat təyin edər.

Qeyd: 3 - Şurayi-Millinin əsaslı üzvlərini təşkil edən 44 əzadan biri istefa edər, mərhum olur və yaxud başqa bir səbəblə məclisdən çıxarsa, onun əvəzinə mənsub bulunduğu siyahının mərtəbi bulunan firqəyi müəssisani tərəfindən başqa birisi təyin olunur.

Qeyd: 4 - Cəlb olunacaq şəxasın intixabati şəhərlərdə bələdiyyə rəisləri, uyezdlərdə mirovoy sudyalar və ya onların müavini və əqəliyyətə mənsub millətlərdə Milli Şura rəislərinin təşəbbüs və nəzarəti ilə icra olunur və intixab olunacaq zəvaətə kəndi imzaları ilə keyfiyyət intixabi müvəzzəh və müsəddiq etimadnamələr verilir”.

1918-ci il dekabrın 1-də Milli Şuranın növbəti iclası keçirildi. Hökumət sədri F.Xoyski qısa məruzə ilə çıxış etdi. O, əyalətlərdə parlamentə seçkilər barədə məlumat verərək bildirdi ki, demək olar, hər yerdən seçilmiş nümayəndələrdə dekabrın 3-nə gəlib çata bilərlər. Lakin bu gün Məhəmməd peyğəmbərin vəfatı gününə təsadüf etdiyi üçün Baş nazir parlamentin ilk iclasının açılışını dekabrın 7-nə keçirməyi təklif etdi. Təklif qəbul olundu.

Azərbaycan parlamentinin açılış mərasimi 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Nikolayev küçəsində yerləşən Qızlar Məktəbinin binasında oldu. Müsəlman Şərqi tarixində ilk dəfə olaraq respublika parlamenti ¬¬– Azərbaycan Xalq Cümhuriyyətinin ali qanunverici orqanı öz işinə başladı. Bu, Azərbaycan tarixində və bütün müsəlman dünyasında çox böyük hadisə idi.

Parlamentin açılış mərasimi təntənəli şəraitdə keçdi. Bakı şəhərində bayram ab-havası hökm sürürdü. İnsanlar bir-birini təbrik edirdilər. Parlamentin binası xüsusi mühafizə altına alınmışdı. Artıq saat 13-də deputatlar öz yerlərində əyləşmişdilər. Diplomatik dairələrin nümayəndələri isə lojada yerləşdirilmişdilər.

Azərbaycan parlamentinin ilk iclası saat 13.25 dəqiqədə Milli Şura sədri M.Ə.Rəsulzadənin nitqi ilə öz işinə başladı. Parlamentin rəisi (sədri) Əlimərdan bəy Topçubaşov, onun birinci müavini isə Həsən bəy Ağayev seçildilər. Özünün iştirakı olmadan Ə.Topçubaşovun parlamentin sədri seçilməsi onun görkəmli hüquqşünas, siyasi xadim və vətənpərvər ziyalı olması ilə bağlı idi. O, Birinci Dövlət Dumasının, Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olmuşdu. “Kaspi” qəzetinin yaradıcılarından və redaktorlarından biri olmuş, yüzlərlə məqaləsi dərc edilmişdi. Bakı Dumasının üzvü, sonralar sədri olmuş, Rusiyada yaşayan müsəlmanların vahid təşkilatının – “İttifaqi-əl-Müslim”in yaradılması və fəaliyyətində iştirak etmiş, onun proqram sənədlərini tərtib etmiş, Nijni-Novqorodda, Sankt-Peterburqda keçirilmiş I- IV qurultaylar demək olar ki, onun sədrliyi ilə keçmiş, “İttifaqi-əl-Müslimin” qurultaylar tərəfindən seçilmiş MK-nın daimi bürosunun üzvü olmuşdu. 1917-ci ilin martında Bakıda İctimai təşkilatların Şurası və onun İcraiyyə Komitəsinin tərkibinə daxil olmuş, sonra isə sədri seçilmişdi. Həmin ilin aprelində Bakıda Ümumqafqaz Müsəlmanlarının Qurultayı Ə.Topçubaşovun sədrliyi altında keçmişdi. Ona görə də parlamentdə təmsil olunan bütün siyasi partiyalar Ə.Topçubaşovun parlamentin sədri vəzifəsinə seçilməsi təklifi müdafiə etdi və o, özü iclasda iştirak etməsə də, yekdilliklə parlamentin rəisi (sədri) seçildi.

Həsən bəy Ağayevin parlament sədrinin birinci müavini vəzifəsinə namizədliyi irəli sürüldü. O, görkəmli ictimai-siyasi xadim, publisist, həkim, müəllim idi. Moskva Universitetinin tibb fakültəsini bitirmişdi. Azərbaycanın istiqlalı elan edilərkən Milli Şura sədrinin müavini olmuşdu. Parlamentin açılışına qədər Azərbaycan Dəmir Yolu İdarəsinin baş həkimi vəzifəsində çalışmışdı. O, bu vəzifəyə seçildi. 1919-cu ilin dekabr ayında H.Ağayev parlament sədrinin birinci müavini vəzifəsinə yenidən seçildi. Lakin o, 1920-ci il yanvarın 22-də istefa verdi. Fevralın 2-də parlamentin 121-ci iclasında parlament sədrinin birinci müavini vəzifəsinə Məmməd Yusif Cəfərov seçildi. O, 1920-ci il aprelin 27-nə, yəni, Cümhuriyyətin süqutuna qədər bu vəzifədə qaldı.

Azərbaycan parlamentinin ilk iclasında daha sonra hökumət sədri F.Xoyskinin hökumətin fəaliyyəti ilə bağlı geniş məruzəsi dinlənildi. F.Xoyski hökumətin çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini parlament üzvlərinin diqqətinə çatdırdı, fəaliyyətində hansısa qüsur olmuşdusa onlara görə üzr istədi və kabinəsinin parlamentə istinadən, onun dəstəyi ilə formalaşmalı olduğunu diqqətə çatdıraraq başçılıq etdiyi hökumətin istefasını parlamentə təqdim etdi. Parlament F.Xoyskinin istefasını qəbul etdi. Qəbul olunan qərara görə yeni hökumətin təşkilinə qədər köhnə kabinənin fəaliyyətini davam etdirməsi və yeni hökumətin təşkili yenidən F.Xoyskiyə tapşırıldı. Dekabrın 26-da F.Xoyski hökumət proqramı və yeni hökumətin tərkibi barədə parlamentdə məruzə ilə çıxış etdi. Geniş müzakirələrdən sonra parlament F.Xoyski hökumətinin proqramını bəyəndi və yeni hökumətə etimad göstərdi.

Qeyd etmək lazımdır ki, parlament haqqında qanunda erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer, həmkarlar ittifaqı nümayəndələri üçün 3 yer ayrılmasına baxmayaraq, onlar Azərbaycan parlamentinin ilk iclasının açılışında iştirak etmədilər.

Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdusa da, müxtəlif səbəblərdən heç vaxt parlamentdə bu sayda deputat olmamışdı. 1919-cu ilin əvvəllərində Azərbaycan parlamentinin cəmi 79 üzvü var idi. Müsavat fraksiyasını 23, bitərəfləri 15, İttihadı 11, Əhrarı 9, Hümməti 5, Müsəlman sosialistlər blokunu 5, milli azlıqları 4, Rus-Slavyan Cəmiyyətini 3, erməni fraksiyasını 4 deputat təmsil edirdi.

1919-cu ilin sonlarına yaxın parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu artıq 96 deputat təmsil edirdi. Parlamentdəki siyasi partiyalar və qrupların qüvvələr nisbəti aşağıdakı kimi idi: Müsavat və bitərəflər fraksiyası - 39 nəfər, İttihad - 13 nəfər, Əhrar - 6 nəfər, Müsəlman sosialistlər bloku - 13 nəfər, bitərəflər - 4 nəfər, müstəqillər - 3 nəfər, erməni fraksiyası - 5 nəfər, Daşnaksütyun fraksiyası - 6 nəfər, azlıqda qalan millətlər fraksiyası - 4 nəfər. Sonradan Azərbaycan parlamentinin üzvlərinin sayında yenə də dəyişikliklər baş verdi və üzvlərinin sayı 109-a çatdı.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılışı ölkədə yeni bir ab-hava yaratdı. Həmin gün, 1918-ci il dekabrın 7-də parlamentin ilk iclasında siyasi amnistiya haqqında qanun qəbul edildi. Amnistiya keçirmək məqsədilə layihə hazırlamaq üçün Əfvi-ümumi komissiyası yaradıldı. Komissiya dekabrın 11, 13, 17 və 25-də keçirdiyi iclaslarında “Azərbaycan Cümhuriyyəti parlamentinin açılışı münasibətilə siyasi amnistiya haqqında” qanun layihəsini hazırlayaraq parlamentin 1919-cu il yanvarın 8-də keçirilən 7-ci iclasının müzakirəsinə verdi. Qanuna görə, 1918-ci il dekabrın 7-nə qədər həbs edilmiş və ölkədə qüvvədə olan keçmiş Rusiya qanunlarının həm cinayət, həm də mülki məcəllələrinin bir sıra maddələri ilə təqsirli bilinən şəxslər bağışlanırdı. Bu qanuna əsasən həmin il dekabrın 7-nə qədər törədilmiş və icraatda olan məhkəmə işlərinə də xitam verilirdi.

Azərbaycan parlamentinin 1919-cu il fevralın 18-də keçirilən on beşinci iclasında qəbul etdiyi qanuna əsasən Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin Mühafizə Dəstəsi yaradıldı. İclasda büdcə-maliyyə komissiyasının sədri Abuzər bəy Rzayev parlamentin mühafizəsi haqqında qanun layihəsini müzakirəyə çıxardı və həmin layihə əsasında qanun qəbul edildi. Qanuna əsasən parlamentin mühafizəsi üçün 8-i baş əsgər, 192-si əsgər olmaqla 200 nəfərlik dəstə yaradılmalı, onun şəxsi heyəti parlamentin Rəyasət Heyəti tərəfindən formalaşdırılmalı və bilavasitə Rəyasət Heyətinə tabe edilməli, dəstənin saxlanılması üçün dövlət xəzinəsindən iki milyon iki yüz min manat vəsait ayrılmalı idi.

Azərbaycan parlamentində 11 komissiya fəaliyyət göstərirdi. Onlar aşağıdakılar idi: maliyyə-büdcə, qanunvericilik təklifləri, mandat, hərbi, aqrar məsələlər, sorğular, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya, fəhlə məsələləri və Müəssislər Məclisinə seçkilər üzrə mərkəzi komissiya.

Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin açılış iclası 1918-ci il dekabrın 7-də, son iclası isə 1920-ci il aprelin 27-də olmuşdur. Fəaliyyət göstərdiyi 16 ay 20 gün və ya 506 gün ərzində Azərbaycan parlamentinin 145 iclası çağırılmışdı. Yetərsay (kvorum) olmadığı üçün bu iclaslardan 15-ni keçirmək mümkün olmamışdı.

Azərbaycan parlamentinin iclaslarının keçirilməsi üçün yetərsaya ciddi şəkildə riayət edilirdi. İlk dəfə olaraq 1919-cu il yanvarın 16-da parlamentin 8-ci iclasında yetərsay məsələsi müzakirəyə çıxarıldı və kvorum təyin olunması məsələsi H.Ağayev tərəfindən gündəliyə gətirildi. Kvorum seçilmiş deputatların yarısı, yəni, 41 nəfər müəyyənləşdirildi. Sonrakı dövrlərdə parlamentin 1919-cu il 10 aprel, 12 iyun, 23 iyul, 4 avqust və s. tarixli iclasları, ümumilikdə, 15 iclası kvorum olmadıqlarına görə keçirilmədi, lakin onların protokolları tərtib edildi.

Azərbaycan parlamentinin 145 iclasından yerdə qalan 130 iclasının ikisi – 28 may və 15 sentyabr 1919-cu il tarixli iclasları Azərbaycanın istiqlalının və Bakının azad edilməsinin birinci ildönümləri münasibətilə; dördü təntənəli – 12 mart 1919-cu il və 12 mart 1920-ci il tarixli iclaslar Böyük rus inqilabının 2-ci və 3-cü ildönümləri münasibətilə; ikisi – 27 iyun 1919-cu il Azərbaycan və Gürcüstan arasında hərbi əməkdaşlıq haqqında müqavilə bağlanması və 14 yanvar 1920-ci il Paris sülh konfransı iştirakçısı olan dövlətlər tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanınması münasibətilə; ikisi isə fövqəladə iclas olaraq – 1918-ci il dekabrın 20-də Ermənistanın Gürcüstana müharibə elan etməsi və 1920-ci il martın 17-də Gürcüstan və Azərbaycan arasında bağlanmış iqtisadi əməkdaşlıq haqqında müqavilələrin təsdiqi münasibətilə keçirilib.

Digər 122 iclas isə işgüzar iclas olub. Həmin iclaslarda ölkənin daxili və xarici siyasəti, sosial siyasət, aqrar siyasət, iqtisadiyyat və maliyyə məsələləri, qanunvericilik aktlarının müzakirəsi və qəbulu, ordu, mədəni quruculuq və digər məsələlər müzakirə olunmuş, müvafiq qərar və qanunlar qəbul edilib.

İclasların gündəliyinə 270-dən çox qanun layihəsi çıxarılıb, onlardan təxminən 230-u qəbul edilib. Digərləri isə bir sıra düzəlişlər və əlavələr edilmək üçün təkrarən komissiyalara göndərilib və onların müzakirəsi komissiyalarda aparılıb.

Azərbaycan parlamentində müzakirə olunan qanunların demək olar ki, heç biri ilk oxunuşda qəbul olunmayıb, müzakirələrdə səsləndirilən fikirlər, ortaya qoyulan dəlillər hər zaman nəzərə alınıb, redaktələr və düzəlişlər edilməsi üçün komissiyalara göndərilib və elə buna görə də qanunlar bir qayda olaraq yalnız üçüncü oxunuşdan sonra qəbul edilib.

Azərbaycan parlamenti fəaliyyətə başladıqdan az sonra parlament nizamnaməsini hazırlayan komissiya yaradıldı. Nizamnamə layihəsi 1919-cu il martın 6-da parlamentin 20-ci iclasında müzakirəyə təqdim olundu. Nizamnamə 8 fəsil (parlamentin açılışı və onun üzvlərinin səlahiyyətlərinin yoxlanılması; vəzifəli şəxslərin parlament tərəfindən seçilməsi; parlamentin komissiyaları; işlərin parlamentdə icrası qaydaları; parlamentin ümumi iclasının aparılması qaydaları; parlament üzvlərinin şəxsi vəziyyəti; parlamentin Rəyasət Heyəti; parlamentin nizamnaməsinə yenidən baxılması qaydaları) və 200 maddədən ibarət idi. Nizamnamə layihəsi parlamentin həmin iclasında, davamı isə 10 mart tarixli iclasında fəsil-fəsil oxunub müzakirə olundu, əlavə və dəyişikliklərlə qəbul edildi. Nizamnamə sonuncu – üçüncü oxunuşda parlamentin martın 17-də keçirilən iclasında müzakirə olunmadan qəbul edildi. Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti 1920-ci il aprelin 27-də keçirilən son fövqəladə iclasına qədər bu nizamnamə əsasında fəaliyyət göstərdi.

Azərbaycan parlamenti və hökumətinin diqqət yetirdiyi sahələrdən biri dil siyasəti olmuşdur. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Azərbaycan dilinin dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə Azərbaycan parlamentinin dilində də öz əksini tapmışdı. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə icazə verilməsi parlamentə aid deyildi. Ona görə, parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan dili idi. Nizamnaməyə əsasən parlamentin iclasları ilk gündən məcburi surətdə yalnız Azərbaycan dilində aparılırdı. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, iclaslardan birində bu məsələ ayrıca müzakirə olunur və bu xüsusda qərar qəbul edilirdi. Başqa millətlərin nümayəndələrinə və xarici qonaqlara rus dilində danışmaq hüququ verilirdi.

Azərbaycanlı deputatlar isə yalnız Azərbaycan dilində çıxış etməli idilər. Azərbaycan parlamentinin bütün fəaliyyəti dövründə bu prinsipə bir qayda olaraq hər zaman əməl edilib, lakin cəmi iki dəfə bu prinsip pozulub, azərbaycanlı millət vəkilinə rus dilində çıxış etmək üçün icazə verilib. Birinci dəfə, 1919-cu il fevralın 25-də Azərbaycan parlamentinin on altıncı iclasında hərbi nazir Səməd ağa Mehmandarovun şəxsi xahişi ilə parlament onun rus dilində çıxış etməsinə razılıq verdi. S.Mehmandarovun bu nitqi Azərbaycan dilinə tərcümə edilərək 1919-cu il martın 7-də “Azərbaycan” qəzetində dərc edildi. İkinci dəfə isə 1919-cu il iyulun 7-8-də Qara bəy Qarabəyov və Şəfi bəy Rüstəmbəyli Şuşa qəzasının Qaybalı kəndində həmin il iyunun 4-də baş vermiş hadisələrlə bağlı erməni deputatları İ.Xocayan və P.Çubaryan ilə bir-birlərinin məruzələrini başa düşmək məqsədilə parlamentin icazəsi ilə rus dilində məruzə etdilər.

Azərbaycan parlamentinin iclas protokolları bir qayda olaraq iki dildə - Azərbaycan və rus dillərində rəsmiləşdirilirdi. Azərbaycan dilində olan protokollarda rus dilində danışan natiqin çıxışları bəzən tərcümə edilərək Azərbaycan dilində verilir, bəzən isə onun adının qarşısında mötərizədə yalnız “rusca” sözü yazılırdı. Rus dilində olan protokollarda isə əksinə Azərbaycan dilində çıxış edən natiqin adının qarşısında mötərizədə “türkcə” sözü yazılırdı. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev, adətən, belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”.

Azərbaycan parlamenti xalqa açıq formada fəaliyyət göstərirdi. Bütün mətbuat nümayəndələri parlamentin iclaslarında iştirak edə və onların gedişini işıqlandıra bilərdilər. Bundan başqa, Azərbaycan parlamentində irəli sürülən qanun layihələri, onların müzakirələri, səsləndirilən fikir, təklif, qeyd və iradlar, yekunda qəbul edilən qanunlar və s., bir sözlə, parlamentdə aparılan bütün müzakirələrin hamısı Azərbaycan və rus dillərində nəşr olunan “Azərbaycan” qəzetinin növbəti sayında dərc edilirdi.

Hökumət üzvləri, eyni zamanda, parlamentin üzvləri idilər. Parlament üzvlərindən formalaşan hökumət yalnız parlament tərəfindən təsdiq edilir, parlamentə hesabat verir, parlament qarşısında məsuliyyət daşıyırdı. Parlamentin dəstəyini ala bilməyən bir kabinənin hökumət kimi fəaliyyət göstərməsi mümkün deyildi.

Azərbaycan Xalq Cümhuriyyəti parlamenti mövcudluğu dövründə başlıca diqqətini və fəaliyyətini ölkənin suverenliyinin qorunmasına, sosial-iqtisadi və maliyyə problemlərinin həllinə, siyasi və ərazi toxunulmazlığını təmin etməyə, vətəndaşların hüquqlarını qorumağa, dövlətin demokratik və hüquqi əsaslarını möhkəmləndirməyə, müstəqil dövlətin dünya birliyi tərəfindən tanınması üçün lazımi şərait yaratmağa, onun xarici ölkələr, ilk növbədə isə yaxın qonşuları ilə siyasi, iqtisadi və ticarət əlaqələrini qurmağa yönəltmişdi.

Azərbaycan parlamentinin qəbul etdiyi qanun və qərarların hamısı müstəqil dövlətin ilk qanunvericilik aktları olduğundan çox böyük əhəmiyyət daşıyır. Parlamentin fəaliyyəti zamanı ən çox diqqət yetirdiyi mühüm məsələlərdən biri Azərbaycanda ordu quruculuğu olmuşdur. Parlament üzvləri başa düşürdülər ki, ölkənin siyasi və ərazi müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu lazımdır. Ona görə də Azərbaycan Xalq Cümhuriyyəti parlamentində demək olar ki, mübahisəsiz və ümumi razılıq əsasında yalnız ordu quruculuğuna aid qanunların müzakirəsi keçir və qəbul olunurdu.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilə yanaşı, Azərbaycan parlamentinin fəaliyyətində də ölkədə xalq maarifinin inkişafı məsələlərinə xüsusi yer verilirdi. Tədris və teatr-tamaşa müəssisələrinin milliləşdirilməsi, yeni tədris müəssisələrinin açılması, orada dərs verən müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məsələsi daim Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin diqqət mərkəzində olub. Xüsusilə Bakı Dövlət Universitetinin açılıb-açılmaması məsələsi demək olar ki, bir neçə ay müddətində Azərbaycan parlamentinin iclaslarında qızğın müzakirələrə səbəb olmuş və dəfələrlə bu haqda böyük mübahisələr getmişdi. Buna da səbəb universitetdə dərs vermək üçün yüksək ixtisaslı milli kadrların olmaması səbəbindən universitetin rus dilində açılmasının nəzərdə tutulması idi. Bu işə xüsusilə İttihad, Əhrar partiyalarından olan nümayəndələr ciddi müqavimət göstərirdilər. Onlar Universitetin rus dilində açılmasını Azərbaycanda ruslaşdırma siyasətinin davam etdirilməsi kimi başa düşürdülər. Müsavat, Sosialistlər fraksiyasından olan deputatlar isə universitetin rus dilində açılmasının heç bir təhlükə törətmədiyini qeyd edərək vurğulayırdılar ki, universitetə daha çox azərbaycanlı tələbələr cəlb olunmalı, onlar tərbiyə edilib milli kadrlar yetişdirildikdən sonra tədrisin tədricən azərbaycanlaşdırılması prosesinə keçilməlidir. Qızğın müzakirələrdən sonra parlament 1919-cu il sentyabrın 1-də keçirilmiş 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul etdi. Azərbaycanda elm və təhsilin inkişafı, milli kadrların yetişdirilməsi üçün xarici ölkələrin müxtəlif ali məktəblərində təhsil almaq üçün azərbaycanlı tələbələrin xaricə göndərilməsi sahəsində də Azərbaycan Xalq Cümhuriyyəti parlamenti və hökuməti tarixi əhəmiyyət daşıyan işlər gördü. Azərbaycan hökuməti tərəfindən 100 nəfər azərbaycanlı gənci ali məktəblərdə təhsil almaq üçün dövlət hesabına xarici ölkələrə göndərmək haqqında hazırlanmış qanun layihəsi parlamentdə geniş müzakirə edilərək qəbul olundu. Seçilmiş yüz nəfər daha çox ümidverici gəncdən 45 nəfəri Fransa, 23 nəfəri İtaliya, 10 nəfəri İngiltərə, 9 nəfəri isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərildi. Rusiyada təhsil almaq üçün göndərilməsi nəzərdə tutulan 13 nəfər gənc Rusiyada vətəndaş müharibəsinin davam etməsi ilə əlaqədar olaraq oraya gedə bilmədi. Bu addımlar Azərbaycan parlamentinin ölkədə təhsilin inkişafına xüsusi əhəmiyyət verdiyini göstərirdi.

Azərbaycan parlamenti və hökumətinin qarşısında duran mühüm vəzifələrdən biri dövlətin müstəqilliyinin beynəlxalq aləmdə tanınmasına nail olmaqdan ibarət idi.

Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamentinin Azərbaycan xalqının dövlətçilik, parlamentarizm və ictimai-siyasi fikir tarixində rolu əvəzsizdir. Cümhuriyyət liderlərinin ölkənin gələcək taleyi və dövlət quruluşunu parlamentli respublikada görmələri və hələ milli istiqlal mübarizəsinin aparıldığı zamanlardan başlayaraq bu ideya ilə bağlı prinsipial mövqe ortaya qoyub bu istiqamətində ardıcıl mübarizə aparmaları və həmin ideyaya sonadək sadiq qalmaları, xalqa xidmət etmək və millətin imzasını təsdiq etmək amalında olmaları nəticəsində nail olundu.

1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti parlamenti həm qanunvericilik, həm demokratiya və həm də milli dövlətçilik sahəsində bir çox ilklərə imza atmaqla nəinki XX əsrin əvvəllərində, hətta indinin özündə belə bir çox Avropa dövlətləri üçün nümunə ola biləcək bir parlament yaratdı. Bu, böyük tarixi əhəmiyyət daşıyan hadisə idi. Ona görə də Xalq Cümhuriyyəti parlamenti Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub