SİYASƏT
Müşfiq Cəfərov: Ermənistan üçün regionda söz sahibi olan Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu görünmür
Bakı, 1 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyevin sentyabrın 28-də Fransanın “France-24” televiziya kanalına müsahibəsi növbəti dəfə Qarabağa muxtariyyət verilməsini təklif edən xarici dövlətlərə cavab idi. Dövlətimizin başçısı xarici ölkələrin müxtəlif mətbuat orqanlarına müsahibələrində status məsələsinin mümkün olmadığını dəfələrlə bildirib. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsinə qədər olan müddətdə aparılan danışıqlarda Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilməsini təklif etsə də, qarşı tərəf bununla razılaşmayıb. Ölkəmiz öz Ordusunun gücünə 30 ilə yaxın əsarətdə olan torpaqlarını azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra muxtariyyət və status məsələsindən danışmağın mənası yoxdur.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
Deputat Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də bir sıra mühüm məqamlara toxunduğunu qeyd edib. Dövlətimizin başçısı ermənilərə Azərbaycan daxilində mədəni muxtariyyət təklif edildiyini, lakin onların bununla razılaşmadığını diqqətə çatdırdı. Çünki onlar yalnız müstəqillik tələb edirdilər və istəyirdilər ki, biz bu müstəqilliyi tanıyaq.
“Ermənistan 30 ilə yaxın bir dövr boyunca bütün fəaliyyətini münaqişəni dondurmağa doğru yönəltmişdi. Təbii ki, Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi ATƏT-in üzv dövlətlərinin də bu sahədə səmərəsiz fəaliyyəti böyük rol oynadı. Hazırda ATƏT-in və digər beynəlxalq təşkilatların əsas məqsədi 30 ildəki fəaliyyətlərindən fərqli yeni yanaşma ilə regionun inkişafı, iqtisadi, siyasi, sosial sabitliyi naminə tərəflərin dialoqunu təşkil etməkdən ibarət olmalıdır.
Azərbaycan dəfələrlə sülh, sabitlik barədə çağırışlar edib. Lakin Ermənistan hakimiyyətin tərəfindən indiyədək əməli addım atılmayıb”, - deyə M.Cəfərov bildirib.
Deputat vurğulayıb ki, Azərbaycan hər zaman regionda sülhün, sabitliyin, inkişafın tərəfdarı kimi çıxış edib və bu istiqamətdə mühüm addımlar atıb. Əgər Ermənistanın müttəfiqləri bu ölkənin inkişafını istəyirsə, suyu bulandırmaq əvəzinə dəstək olmalıdırlar. Ermənistan üçün regionda söz sahibi olan Azərbaycanla sülh şəraitində yaşamaqdan başqa çıxış yolu görünmür. Regionda sülhün təmin olunması ölkələrin hər birinin inkişafı üçün mühüm şərtdir. Əks vəziyyət heç bir dövlətə fayda gətirməyəcək.