MƏDƏNİYYƏT


Musiqili Teatrda yeni tamaşaya ictimai baxış keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında ssenarisi və quruluşu teatrın əməkdaşı Sevda Məmmədovaya məxsus “Əsarətdən cəsarətə” adlı yeni səhnə əsərinə ictimai baxış olub.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın süjet xəttində dövrün ən aktual problemlərindən biri - cəmiyyətdə insanların səhhətinə, psixoloji durumuna, sosial-iqtisadi vəziyyətinə neqativ təsir edən, cinayətlərin ilbəil artmasına gətirib çıxaran narkomaniyanın törətdiyi fəsadların bir gənc ailənin faciəsinə necə yol açdığı göstərilir.

“Fərid və Pərvin maddi sıxıntı çəksə də, sakit və firavan ömür sürürdülər. Bu cütlüyün yaşam düzənini pozan səbəb isə ailə başçısının narkotik vasitələrdən asılılığı - böyük dərdə mübtəla olmasıdır. Sanki zaman ötdükcə qəlbinə iblis girmiş bu insanın davranışı, həyat tərzi, ailə-uşağa qarşı münasibəti tədricən dəyişilir. Vaxtilə əziz və dəyərli varlıq saydığı sevimli qadını da artıq onun üçün arxa plana keçir, narkotik vasitələrin verdiyi həzz hər şeydən və hamıdan üstün olur. Hətta Pərvin də ərini dəhşətli bəladan xilas edə bilmir, əksinə, iblisləşmiş ər vaxtilə həyatının mənası, canı–ciyəri olan Pərvinə də əl qaldırır, öz cavan ömrünə balta çaldığı kimi, onun da qatilinə çevrilir. Narkomaniya - elə bəladır ki, ondan qurtuluş yoxdur, geriyə dönüşü olmayan yoldur. Tamaşada gənclərimizə bədii vasitələrlə çatdırmaq istəmişəm ki, ümumiyyətlə, pis vərdişlərdər uzaq olsunlar, xərçəng kimi iradələrinə sarılan “narkomaniya” adlı xəstəliyə düçar olmasınlar və beyinlərindəki düşünmə mexanizmini dəyişdirən, pis yola sürükləyən “iblis”dən uzaq dayansınlar.

Tamaşa Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və “Cəzaçəkmiş qadınların cəmiyyətə qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə təşkil olunan müsabiqədə qalib gəlib, Quba və Qusar rayonunda gənclər qarşısında nümayiş olunub”, - deyə Sevda Məmmədova bildirib.

Teatrın ədəbi hissə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova səhnə əsərinin nümayişindən sonra yaradıcı heyət və tamaşa barədə fikirlərini bildirib: “Tamaşanın mövzusu çox aktualdır. Cəmiyyətin bəlası olan narkomaniyaya qarşı hamımız birgə mübarizə aparmalıyıq. Ən yaxşı üsullarından biri də yeniyetmə və gənclər arasında maariflənmə işlərininin aparılmasıdır. Bu tamaşa orta məktəblərin yuxarı sinif şagirdləri və gənclər üçün nəzərdə tutulan ən effektli təbliğat vasitəsi ola bilər. Qoy, gənclərimiz bu bəladan uzaq olsun, sağlam yaşasınlar. Əgər uçurumun kənarındadırlarsa, geri çəkilsinlər. Tamaşadan alınan nəticə budur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.