REGİONLAR
Muxtar respublikada aztəminatlı ailələrə aktivlər verilib
Naxçıvan, 7 noyabr, AZƏRTAC
Ailə əməyinə əsaslanan fərdi təsərrüfatların yaradılmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Kəngərli rayonları üzrə, ümumilikdə, 13 nəfərə yanında balası olan iribuynuzlu, 2 nəfərə yanında balası olan 10 baş xırdabuynuzlu, 2 nəfərə mini yerşumlayan, 1 nəfərə otbiçən aqreqat, 1 nəfərə tənəkəçi-rəngsaz alətləri, 1 nəfərə fotoaparat, 1 nəfərə isə pinəçi avadanlıqları alınaraq vətəndaşların istifadəsinə verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev muxtar respublikada aztəminatlı ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial-rifah halının yaxşılaşmasına müsbət təsir edib.
Daha sonra aztəminatlı ailə təmsilçilərinə verilən aktivlərlə bağlı sənədlər təqdim olunub.