REGİONLAR


Muxtar respublikada yanğınsöndürənlərin peşə hazırlığı artırılır

Babək, 12 fevral, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin iş planına uyğun olaraq Babək Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsində “Gündəlik həyat fəaliyyətinin təmin edilməsi, yanğınsöndürmə xidmətinin təşkili və aparılması” mövzusunda nümunəvi məşğələ təşkil edilib.

Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, məşğələnin əsas məqsədi növbətçi yanğınsöndürmə xidmətlərinin şəxsi heyətinə xidmətin təşkili və aparılması, növbələrin dəyişdirilməsi, daxili naryadın aparılması zamanı nizamnamələrin tələblərinə uyğun fəaliyyəti təşkil etmək, şəxsi heyətin peşə hazırlığı səviyyəsini artırmaq məqsədilə yanğın xilasetmə hazırlığı üzrə normativləri yerinə yetirmək bacarıqlarını təkmilləşdirməkdən ibarət olub.

Məşğələnin planına uyğun olaraq ilk növbədə növbətçi yanğınsöndürmə xidmətlərinin yerbəyerinin keçirilməsi qaydası məşq etdirilib, fiziki idman hazırlığı üzrə çalışmalar yerinə yetirilib, şəxsi heyətdən yanğın xilasetmə hazırlığı üzrə normativlərin təlimata uyğun qəbul olunması təmin edilib. Daha sonra növbətçi yanğınsöndürmə xidməti rəisləri tərəfindən xidməti sənədlərin işlənilməsi, radio rabitə vasitələri ilə danışıq qaydaları, şəxsi heyətin həyəcan siqnalı ilə çağırış qaydaları və radiotelefonçulara aid sənədlərin işlənilməsi əyani şəkildə şəxsi heyətə çatdırılıb.

Təlimdən və yanğından sonra yanğınsöndürmə avtomobillərinə, yanğın-texniki vasitələrə texniki qulluğun göstərilməsi, yol vərəqlərinin düzgün doldurulması üzrə aidiyyəti vəzifəli şəxslərin vəzifə borclarının yerinə yetirilməsi qaydası şəxsi heyətə öyrədilib.

Yekunda maddi vəsaitlərin uçotunun, aylıq, rüblük və illik üzləşmələrin aparılması, həmçinin anbara mədaxil və məxaric olunan əşya-əmlaklarının qeydiyyatının aparılması üzrə anbar rəislərinin nəzəri bilikləri təkmilləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.