QAN YADDAŞI
Muzeydə “Qanlı Yanvar” filmi nümayiş etdirilib
Bakı, 20 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev-Muzeyində 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib, şəhidlərin xatirəsi anılıb.
Hüseyn Cavidin Ev-Muzeyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu müəssisənin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun Bakıda və respublikamızın digər şəhər və rayonlarında törətdiyi qanlı hadisələrdən danışıb.
Qeyd edilib ki, 20 Yanvarda qəhrəman Vətən övladları xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban veriblər, şəhidlərin xatirəsi heç vaxt unudulmayacaq.
Muzeyin direktoru 20 Yanvar hadisələri ilə əlaqədar ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransında bəyanatla çıxış etdiyini və xalqımıza qarşı törədilmiş cinayətə kəskin etirazını bildirdiyini, günahkarların cəzalandırılmasını tələb etdiyini xatırladıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib.
G.Babaxanlı Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasətin əhəmiyyətini diqqətə çatdırıb.
Sonra “Qanlı Yanvar” filmi nümayiş etdirilib.