DÜNYA
Myanmada epidemik vəziyyət ağırlaşır
Pekin, 16 iyul, AZƏRTAC
Myanmada son günlər COVID-19 infeksiyasına sutkalıq yoluxma hallarının çoxalması fonunda epidemik vəziyyət ağırlaşıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, ölkənin Səhiyyə və İdman Nazirliyi ötən sutka 4 min 188 nəfərin yeni növ koronavirusa yoluxduğunu, 165 nəfərin isə virus səbəbindən öldüyünü açıqlayıb. Ümumiyyətlə, Myanmada mayın son günlərində başlayan pandemiyanın hazırkı dalğası ölkədə kritik vəziyyət yaradıb. Əgər mayın sonunda sutkalıq yoluxmalar 100-dən aşağı idisə, son günlər bu rəqəm 4 min civarındadır. İyulun 14-də isə antirekord - 7 min 83 yoluxma halı qeydə alınıb.
Mütəxəssislər Myanmadakı rəsmi rəqəmlərin real vəziyyəti əks etdirmədiyini düşünürlər. Onlar hesab edirlər ki, fevralın 1-də çevriliş edərək hakimiyyəti ələ alan hərbçilər ölkədəki yoluxma və ölüm sayı barədə real rəqəmləri gizlədir. Bundan başqa, tibb işçilərinin, dövlət qulluqçularının və könüllülərin hərbçilərə etiraz əlaməti olaraq kütləvi itaətsizlik kampaniyasına qoşularaq iş fəaliyyətlərini dayandırması da ölkədə epidemik vəziyyətin pisləşməsinə təsir edib. Yoluxanların sayının çoxalması xəstəxanalarda yer və tibbi ləvazimat, o cümlədən oksigen çatışmazlığına səbəb olub. Xarici media Myanmanın tibb işçilərinə istinadla iddia edir ki, hərbçilər özəl xəstəxanaların oksigen balonları ilə təmin edilməsinə və fərdi qaydada oksigen balonlarının satışına qadağa qoyub. Bu da öz növbəsində ölüm hallarının sayının çoxalmasına səbəb olur.
BMT-nin Myanmada insan hüquqları üzrə xüsusi məruzəçisi Tom Endryüs bildirib ki, “delta” ştamı da daxil olmaqla, COVID-19 virusunun sürətlə yayılması, səhiyyə sisteminin çökməsi, əhalinin hərbçilərə inamının az olması ölkədə əhəmiyyətli sayda tələfata səbəb ola biləcək faktorlardır.
Qeyd edək ki, 54 milyon əhalisi olan Myanmada COVID-19 əleyhinə vaksinasiya üçün Hindistandan 1,5 milyon, Çindən isə 500 min doza peyvənd gətirilib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin