NATO Əfqanıstan ordusunu azı 2024-cü ilədək maliyyələşdirəcək
AzerTAg.az
Bakı, 6 noyabr, AZƏRTAC
NATO azı 2024-cü ilə qədər Əfqanıstan ordusunu maliyyələşdirməkdə davam edəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Əfqanıstan Prezidenti Əşrəf Qani Kabildə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirilən mətbuat konfransında deyib.
“NATO Əfqanıstan ordusunu azı 2024-cü ilədək maliyyələşdirəcəyini təsdiqləyib”, - deyə Əşrəf Qani bildirib və Əfqanıstanın təhlükəsizliyinin NATO ölkələrinin təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayıb.
“NATO-nun Əfqanıstana dəstəyi davam edəcək. Hazırda 39 ölkədən 16 min nəfər “Qətiyyətli dəstək” missiyası çərçivəsində ölkənin Silahlı Qüvvələrinə təlim keçir. Əsas diqqət isə xüsusi təyinatlı dəstələrə və aviasiyaya ayrılıb”, - deyə Yens Stoltenberq öz növbəsində qeyd edib. O, həmçinin alyansın dövlət və hökumət başçılarının iyul ayında Brüsseldə keçirilən sammitində “Qətiyyətli dəstək” missiyasının mandatının və Əfqanıstan ordusunun xarici maliyyələşməsinin 2020-ci ilədək və lazım gələrsə, daha çox artırılması barədə qərar qəbul olunduğunu xatırladıb.
Ekspertlərin hesablamalarına görə, burada təxminən ildə 4 milyard dollardan söhbət gedir. Bunun 1 milyard dollarını NATO ölkələri, 3 milyard dollarını isə ABŞ ayırmalıdır. Əfqanıstanın qərbyönümlü rejiminin hərbi xərcləri ABŞ və NATO-nun müdaxiləsi nəticəsində yarandığı 2001-ci ildən bəri hər zaman tam həcmdə xaricdən maliyyələşib.
Qeyd edək ki, Əfqanıstanda 2015-ci il yanvarın 1-dən NATO-nun “Qətiyyətli dəstək” adlı qeyri-döyüş missiyası başlayıb. Əsasən Əfqanıstanın güc strukturlarının təlimi ilə məşğul olan missiya təhlükəsizliyin təmin edilməsi üzrə ABŞ, NATO və terror əleyhinə beynəlxalq qüvvələrin komandanlığı altında keçirilən hərbi əməliyyatları əvəzləyib.

Xəbərin mətnində orfoqrafik səhv var