REGİONLAR
NDU-da publisist-politoloq Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib
Naxçıvan, 2 dekabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Pedaqoji fikir tarixindən” kitabının müəllifi, tanınmış publisist Reyhan Mirzəzadə ilə onlayn görüş keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev kitabda Azərbaycan və dünya pedaqoji fikrinin ən zəruri və dəyərli nümunələrinin seçilərək toplu halında oxuculara çatdırlmasını yüksək qiymətləndirib. Bildirib ki, “Pedaqoji fikir tarixindən” kitabı muxtar respublikanın təhsil ictimaiyyəti üçün dəyərli nəşrlərdən biridir. Rektor diqqətə çatdırıb ki, kitab müəllimlərin pеdаqоji pеşəyə hаzırlаnmаlаrında, ümumi pеdаqоji görüşlərinin dаhа dа inkişaf etdirilməsində, tаriхən inkişаf еtmiş Azərbaycan məktəb və pеdаqоji irsinin öyrənilməsində böyük əhəmiyyət kəsb edir.
Tədbirdə publisist Reyhan Mirzəzadə Naxçıvana sonsuz sevgi hissini ifadə edərək qədim diyarla bağlı xoş xatirələrini bölüşüb. Müəllif “Pedaqoji fikir tarixindən” və “A.S.Qriboyedov: şair-diplomat” kitablarının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən təsdiqlənmiş “Oxunması zəruri olan kitablar Siyahısı”na salınmasını böyük sevinc və minnətdarlıq hissi ilə vurğulayıb. Tədbirdə həm gənclər, həm də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərin faydalana biləcəyi görkəmli maarifpərvər şəxsiyyətlərin, elm xadimlərinin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirlər səsləndirilib.
Tələbələri maraqlandıran sualları cavablandıran yazıçı-publisist yaradıcılığı barədə danışıb, “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərindən bəzi məqamları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, Qriboyedovun “İrəvan yürüşü” adı ilə məşhur olan qeydlərində Naxçıvan barədə xeyli məlumatlara rast gəlinir. Şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanışlığı, burada qalması, onun yazılarında Qazançı, Culfa, Sədərək kimi şəhər və kəndlərin adlarının çəkilməsindən aydın olur ki, Naxçıvan diplomat-yazıçının daim diqqətində olub.
Sonra çıxış edən Elmi Kitabxananın direktoru Fariz Əhmədov publisist Reyhan Mirzəzadə yaradıcılığı haqqında iştirakçılara geniş məlumat verib. Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev və Pedaqogika və psixologiya kafedrasının müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Orucova “Pedaqoji fikir tarixindən” kitabı haqında fikirlərini bildiriblər. Çıxışlarda qeyd olunub ki, tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdiriblər.
Sonda universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov keçirilən müzakirəni yüksək qiymətləndirib, publisist Reyhan Mirzəzadəyə minnətdarlığını bildirib.