REGİONLAR
NDU ilə İstanbul Texnik Universiteti arasında mobillik və ikili diplom layihələri müzakirə olunub
Naxçıvan, 26 iyul, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru və bir qrup əməkdaşı İstanbul Texnik Universitetində (İTU) olublar.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, görüşdə İTU-nun rektoru, professor İsmayıl Koyuncu rəhbərlik etdiyi universitet haqında danışıb, təqdimatlar vasitəsilə müvafiq sahələr üzrə məlumat verib. İki təhsil ocağı arasında elmi tədqiqat sahəsində birgə elmi araşdırmaların aparılması, məqalə və elektron dərgilərin yeni tədqiqat üsulları ilə birgə nəşrinin hər iki universitet üçün əhəmiyyəti qeyd edilib. Konservatoriyada təhsil alan tələbələr üçün mobillik proqramları və ikili diplom layihələrinin birgə əməkdaşlıqda səmərəli olacağı vurğulanıb. Qeyd edilib ki, Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə birgə tədrisin təşkili və ikili diplom proqramının, eyni zamanda doktorantura və magistratura təhsil pilləsi üzrə texniki və mühəndislik sahələri ilə bağlı ikili diplom proqramının həyata keçirilməsi gələcək üçün planlaşdırılır.
NDU-nun rektoru Elbrus İsayev Naxçıvan Dövlət Universiteti ilə Türkiyə universitetləri arasında bütün sahələrdə, o cümlədən elmi-tədqiqat və elmi araşdırma sahəsində uğurlu əməkdaşlığın olduğunu qeyd edib. Rektor gələcəkdə İTU-nun texnopark sahəsində fəaliyyətindən təcrübə qazanacaqlarını bildirib. Elbrus İsayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2020-ci il dekabrın 14-də “Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamını diqqətə çatdırıb. Vurğulayıb ki, bu il iyun ayının 16-da NDU-da Texnologiyalar Parkının təməlatma mərasimi keçirilib. Azərbaycan ali məktəbləri arasında ilk dəfə NDU-da yaradılan Texnoparkın fəaliyyət sahəsinə universitetin bakalavr üzrə 42, magistr üzrə 80 ixtisasdan 43-ü daxildir. Rektor magistratura və doktorantura ixtisaslarında elmi tədqiqat araşdırmaları üçün birgə elmi fəaliyyətin göstərilməsinin hər iki universitet üçün yeni elmi mühit formalaşdıracağına əminliyini ifadə edib.
Görüş zamanı İTU-nun “ARI” Texnoparkı ilə birgə fəaliyyətin həyata keçirilməsi, eləcə də Texnopark rəhbərliyinin NDU-da seminarlarının təşkilinin təmin ediləcəyi diqqətə çatdırılıb.
Sonda “ARI” Texnoparkının tanıtım videoçarxı izlənilib və orada fəaliyyət göstərən şirkətlər haqqında məlumat verilib, eyni zamanda yaradılan şərait ilə əyani tanışlıq olub.
Qeyd edək ki, qardaş ölkənin ən nüfuzlu və qabaqcıl universitetlərindən olan İTU-da 36 min 442 tələbə təhsil alır. Universitetin 10 bina ilə fəaliyyət göstərən, 7900-dən artıq işçisi, 148-i patentli 3200-dən çox layihəsi olan “ARI” Texnoparkı Türkiyədəki texnoparklar arasında dövlət büdcəsinə ən çox gəlir gətirən və Türkiyədə mühəndislik istiqaməti üzrə kadr hazırlığı işində mühüm əhəmiyyəti olan lider texnoparkdır.