İQTİSADİYYAT
Natiq Əliyev: Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir
Bakı, 22 aprel, AZƏRTAC
Enerji hər bir ölkənin sabitliyi və inkişafı üçün əsas amildir.
AZƏRTAC “BBC”yə istinadla xəbər verir ki, bu sözləri Azərbaycanın energetika naziri Natiq Əliyev İndoneziyanın paytaxtı Cakartada keçirilən Şərqi Asiya üzrə Ümumdünya İqtisadi Forumundakı çıxışında deyib. Nazır bildirib ki, İndoneziya Azərbaycanın ikinci ən böyük ixracat bazarıdır.
Forumun “Asiyada enerji təchizatı və geosiyasət” seksiyasında çıxış edən N.Əliyev iştirakçıların suallarını cavablandırıb.
Məruzəçilər Azərbaycanın energetika naziri Natiq Əliyev, İndoneziyanın Enerji və Mineral ehtiyatlar naziri Sudirman Said, Malaziyanın “Sapura Kenkana Petroleum” şirkətinin prezidenti Şarli Şamsudin, “Şevron” şirkətinin Asiya regionu üzrə prezidenti Melodi Bone Meyer, ABŞ-ın Sakit okean hövzəsi üzrə hərbi donanmasının komandiri Heri Haris və digər rəsmi şəxslər debatlarda iştirak edərək energetika sahəsində regional əməkdaşlıq və inkişaf modelləri barədə öz fikirlərini açıqlayıblar.
Forumda 40 ölkədən 700-dək nümayəndə iştirak edir. Dünyanın ən böyük şirkətlərinin rəhbərlərinin də iştirak etdiyi Forumda enerji təhlükəsizliyi, kənd təsərrüfatı, qida bazarları, ticarət və yüksək texnologiyalar mövzusunda müzakirələr aparılıb.