REGİONLAR
Naxçıvan Biznes Mərkəzində sahibkarlıq fəaliyyəti ilə bağlı növbəti seminar-treninq keçirilib
Naxçıvan, 4 iyun, AZƏRTAC
Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq olub.
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbir mərkəz ilə Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, muxtar respublikanın İqtisadiyyat Nazirliyi və Dövlət Vergi Xidmətinin dəstəyi çərçivəsində keçirilib.
Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən danışıb. Qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi inkişaf strategiyasının əsas istiqaməti sahibkarlıq fəaliyyətinin dəstəklənməsi olub və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada hazırda ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Sahibkarlığın inkişafı nəticə etibarilə büdcə gəlirlərinin də artmasına səbəb olub.
Bildirilib ki, sahibkarlığın idarə olunmasında mühasibat uçotu informasiyalarının əhəmiyyəti əvəzolunmazdır. Bu informasiyaların əks olunduğu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqi baza əməliyyatları səviyyəsində məlumat açıqlanmasını tələb etməklə şəffaflığın artırılmasına çox böyük təsir göstərir, müəssisələrin beynəlxalq bazarlara çıxışını təmin edir, həm uçot, həm də biznes proseslərinin yenilənməsi və təkmilləşdirilməsinə gətirib çıxarır. Seminar-treninqin keçirilməsində əsas məqsəd də kommersiya təşkilatlarının maliyyə hesabatlarının beynəlxalq standartlarının tətbiqinin əsas istiqamətləri ilə bağlı maarifləndirmə işini aparmaqdır.
“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hər il ənənəvi olaraq sahibkarlarla görüş keçirir, onların fəaliyyəti ilə maraqlanır. Bu, dövlətimizin sahibkarlara göstərdiyi diqqət və qayğının nümunəsidir”, - deyən “Cahan Holdinq” Kommersiya Şirkətləri İttifaqının aparat rəhbəri Azər Cəfərov vurğulayıb ki, muxtar respublikada həyata keçirilən tədbirlərin əsas hədəfi iqtisadi səmərəlilik, məhsulların çeşidinin, keyfiyyətinin və ixrac imkanlarının artırılması, ailə təsərrüfatlarının fəaliyyətinin dəstəklənməsi, daxili bazarın qorunması və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası əsasında uzunmüddətli perspektivdə əldə olunmuş dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir.
“Sahibkarlıq subyektlərində mühasibat uçotunun təşkilinin əsas istiqamətləri və müasir tələblər” mövzusunda çıxış edən “Ləzzət Qida Sənaye” MMC-nin baş mühasibi Ramazan Seyidov maliyyə hesabatlarının beynəlxalq standartlarını şərh edib və tələb olunan əsas meyarları iştirakçıların diqqətinə çatdırıb. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Hüquqi şəxslərin auditi şöbəsinin böyük dövlət vergi müfəttişi İsmayıl Bağırov “Mühasibat uçotunun düzgün aparılmasına vergi nəzarəti və vergi yoxlamaları tədbirlərinin keçirilməsi” mövzusu ilə bağlı çıxış edib. O, vergi nəzarətinin maliyyə nəzarətinin tərkib hissəsi olduğunu qeyd edib, vergi nəzarəti zamanı sahibkarlıq subyektlərinin maliyyə sanksiyaları ilə qarşılaşmaması üçün mühasibat (vergi) uçotunun düzgün aparılması istiqamətləri haqqında məlumat verib.
Sonda Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayevin təqdimatında “Kommersiya təşkilatlarında peşəkar mühasib hüququnun əldə edilməsi qaydaları” mövzusunda slaydlar vasitəsilə ətraflı məlumat verilib.
Tədbirdə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.