REGİONLAR
Naxçıvan Muxtar Respublikasında 20-dən çox yeni müəssisə fəaliyyətə başlayacaq
Naxçıvan, 27 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun kredit vəsaiti və digər mənbələr hesabına sənaye və kənd təsərrüfatı yönümlü 16-sı istehsal, 7-si isə xidmət sahəsi olmaqla, ümumilikdə, 23 müəssisənin yaradılması istiqamətində işlər artıq başa çatdırılıb.
AZƏRTAC xəbər verir ki, yeni yaradılmış müəssisələr, əsasən, mebel, qapı-pəncərə, dəri emalı sahəsinin fəaliyyətinin genişləndirilməsi, çörək (lavaş), unlu-qənnadı məmulatları istehsalı sahələri, eyni zamanda, istixana, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını əhatə edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin məlumatına görə, cari ilin doqquz ayında Sahibkarlığa Kömək Fondunun krediti və digər mənbələr hesabına ərzaq, həmçinin qeyri-ərzaq məhsulları və müxtəlif növ xidmət sahələri olmaqla, 12 müxtəlif təyinatlı istehsal, 4 xidmət sahəsi, ümumilikdə, 16 müəssisənin yaradılması istiqamətində işlər davam etdirilib. Doqquz ayda Sahibkarlığa Kömək Fondu tərəfindən 17 yeni layihə olmaqla, 9 müxtəlif təyinatlı layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 5.238.700 manat maliyyə dəstəyi göstərilib.
Qeyd edək ki, bu gün muxtar respublikada 366 növdə məhsul istehsal olunur. Bu məhsulların 120 növü ərzaq, 246 növü qeyri-ərzaq məhsullarıdır. Naxçıvanda 107-si ərzaq, 237-si qeyri-ərzaq olmaqla, 344 növdə məhsula olan tələbatın yerli imkanlar hesabına ödənilməsi təmin edilib.