REGİONLAR
“Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzi açılıb
Naxçıvan, 16 mart, AZƏRTAC
“Naxçıvan” Universitetində Alman Dili Tədrisi Mərkəzinin açılışı olub. Tədbirdə alman professoru Ziglinde Hartmann, naşir Hans-Jürgen Maurer, Bakı Slavyan Universitetinin professorları Sevinc Rzayeva, Əfqan Abdullayev, baş müəllimi Leyla Bəylərova və universitetin professor-müəllim heyəti iştirak ediblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva qonaqları universitetdə görməkdən məmnunluq ifadə edib. Ali təhsil ocağı haqqında məlumat verən rektor bildirib ki, dünyanın 50-dən artıq universiteti ilə əməkdaşlıq edən “Naxçıvan” Universiteti İspaniyanın Valladolid, Türkiyənin İstanbul, Almaniyanın Lüdvik Maksimilian universitetləri və Polşanın Lodz Humanitar Elmlər Akademiyası ilə əməkdaşlıq müqavilələri imzalayıb.
Universitetdə alman dilini öyrənmək üçün bir çox imkanların olduğunu vurğulayan rektor diqqətə çatdırıb ki, alman dili xarici bir dil kimi Azərbaycanın istər dövlət, istərsə də özəl universitetlərində tədris olunur. 2021-ci il dekabrın 6-10-da universitetdə təşkil olunan “Beynəlxalq həftə” layihəsinin bir günü də “Almaniya günü”nə həsr edilib. Bu münasibətlə keçirilən tədbirdə Alman Dili Tədrisi Mərkəzinin direktoru Zəhra Əliyeva və onunla birgə universitetə qonaq gələn nümayəndə heyəti müəllimlər üçün maraqlı təlimlər təşkil ediblər. Alman Dili Tədrisi Mərkəzinin hədiyyə etdiyi kitablarla “Naxçıvan” Universitetinin Elmi Kitabxanasında “Almaniya kitab guşəsi” də yaradılıb.
“Naxçıvan” Universitetində açılan Alman Dili Tədrisi Mərkəzinin fəaliyyətinə uğurlar arzulayan rektor alman dilinin yalnız məktəblərdə yox, universitetlərdə də keçirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, bu mərkəzin açılışı həm tələbələr, həm də alman dili müəllimləri üçün perspektiv olacaq.
Tədbir alman professoru Ziglinde Hartmann, naşir Hans-Jürgen Maurer və Bakı Slavyan Universitetinin professoru Əfqan Abdullayevin universitetin alman dili müəllimləri üçün keçdikləri təlimlərlə davam edib.